Ekologiya Nazirliyinin qurumu işdən çıxardığı əməkdaşa 3 MƏHKƏMƏDƏ UDUZDU

Ekologiya Nazirliyinin qurumu işdən çıxardığı əməkdaşa 3 MƏHKƏMƏDƏ UDUZDU

Aytac Dəniz · Cəmiyyət ·

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki qurumu məhkəməyə verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şəki rayonu üzrə meşə mühafizə mühəndisi Rinad Hüseynov həm çalışdığı qurumu, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətini barədə məhkəməyə müraciət edib.

İş materiallarından görünür ki, R.Hüseynov 2025-ci il tarixli əmək müqaviləsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsində çalışıb. Həmin ildə xəstəliyi ilə əlaqədar ambulator müalicəyə götürülüb. Xəstəxana tərəfindən tərtib edilmiş xəstəlik vərəqəsində Rinad Hüseynova “I10 – Arterial Hipertoniya” və “I20.8 – Stabil gərginlik stenokardiyası” diaqnozlarının qoyulduğu qeyd edilib.

Xəstəlik vərəqəsinə görə, o, ambulator rejimdə əmək funksiyalarının icrasından azad edilib. Bu müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi tibb müəssisəsinin kardioloqu tərəfindən mərhələli şəkildə təsdiqlənib.

Sənəddə əmək qabiliyyətinin bərpası tarixi kimi göstərilib.

Bununla belə, işəgötürənin tərtib etdiyi akta əsasən, R.Hüseynovun ambulator müalicəsi başa çatdığı üçün növbəti iş günündən işə çıxmalı olduğu bildirilib.

Aktda qeyd olunub ki, işçi bütün iş günü ərzində işə çıxmayıb və bununla bağlı heç bir üzrlü səbəb təqdim etməyib.

Onun işə gəlməməsi ilə bağlı akt Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş meşəbəyi-direktor müavini, meşələrin mühafizəsi üzrə baş mühəndis və kadr işləri üzrə baş mütəxəssis tərəfindən imzalanaraq təsdiqlənib.

Protokolda Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun təqdimatına baxıldığı və R.Hüseynovun sözügedən tarixdə bütün iş günü ərzində işə gəlməməsinin üzrsüz hesab edildiyi göstərilib. Onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilib.

Bundan sonra Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş əmrlə R.Hüseynovla bağlanmış əmək müqaviləsinə 2025-ci ildən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.

R.Hüseynov əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmayaraq məhkəməyə müraciət edib. İddiaçı məhkəmədən onunla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Xidmət rəisi Ramik Əşrəfovun əmrinin ləğv olunmasını istəyib. O, həmçinin əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma dövrü üçün əməkhaqqının hesablanaraq ona ödənilməsini tələb edib.

Şəki Rayon Məhkəməsi iddianı təmin edib. Qətnamə ilə cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv olunmasına qərar verilib. Eyni zamanda R.Hüseynovun Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsinə bərpa edilməsi qət olunub. Məhkəmə həmçinin işçinin faktiki olaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əməkhaqqının R.Hüseynova ödənilməsinə qərar verib.

Qətnamə ilə razılaşmayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti apellyasiya şikayəti verib. Cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını istəyib.

Şəki Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib. Cavabdeh bu dəfə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin kassasiya instansiyası da nazirliyin qurumunun mövqeyini əsaslı hesab etməyib, kassasiya şikayətini təmin etməyib.

Beləliklə, R.Hüseynovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr qüvvədən düşüb, onun əvvəlki vəzifəsinə bərpası və məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi barədə məhkəmə qərarları qüvvədə qalıb. (Plat)