Ədliyyə Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş ədliyyə orqanlarının əməkdaşlarına medalların təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl hüquqi islahatlardan, ədliyyə sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərdən, habelə dövlət qulluqçularının peşəkarlığının artırılmasına və sosial təminatının gücləndirilməsinə göstərilən xüsusi diqqət və qayğıdan danışıb.
Nazir dövlət başçısının müvafiq Sərəncamı ilə təltif olunan əməkdaşları təbrik edərək bildirib ki, dövlət mükafatları onların göstərdikləri səmərəli fəaliyyətə, peşəkarlığa və dövlət qulluğuna sədaqətlə xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
Daha sonra Fərid Əhmədov təltif olunan əməkdaşlara medalları təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2026-cı il tarixli müvafiq Sərəncamı ilə Ədliyyə Nazirliyinin əməkdaşları Arifə Paşayeva, İsa Yusifov və Xatirə Almazova "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunublar.

Ədliyyə naziri təltif olunan əməkdaşlara medallarını təqdim edib
Aytac Dəniz · Cəmiyyət ·