Durov Vatsap-ın şifrələməsini “böyük fırıldaq” adlandırdı

Durov Vatsap-ın şifrələməsini “böyük fırıldaq” adlandırdı

Fərid Əlizadə · Media ·

Telegram-ın qurucusu Pavel Durov Vatsap-ın şifrələmə sistemi ilə bağlı sərt açıqlama verib.

Redaksiya xəbər verir ki, Durov Vatsap-ın məxfilik və şifrələmə vədlərini “böyük fırıldaq” adlandırıb.

Onun sözlərinə görə, Texas ştatının Vatsap və onun ana şirkəti Meta-ya qarşı qaldırdığı iddia platformanın istifadəçilərə məxfilik barədə yanlış təsəvvür yaratdığını göstərir.

Texas Baş prokurorluğu iddia edir ki, Vatsap özünü təhlükəsiz və başdan-başa şifrələnmiş mesajlaşma xidməti kimi təqdim etsə də, şirkət əməkdaşlarının “demək olar bütün” şəxsi mesajlara çıxış imkanı ola bilər.

Meta isə bu ittihamları rədd edir və Vatsap mesajlarının başdan-başa şifrələndiyini, şirkətin bu mesajların məzmununa daxil ola bilmədiyini bildirir.

Durov isə hesab edir ki, bu məhkəmə işi Vatsap-ın illərlə istifadəçilərə təqdim etdiyi təhlükəsizlik imicini ciddi sual altına salır.

Hadisə messencerlər arasında məxfilik, şifrələmə və istifadəçi məlumatlarının qorunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.