Dövlət Baxçalı: Türkiyə və Azərbaycan iki güclü qardaş dövlətdir

Dövlət Baxçalı: Türkiyə və Azərbaycan iki güclü qardaş dövlətdir

Nizami Salmanov · Media ·

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Egey dənizindən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni mənəvi coğrafiyanın iki güclü dövlətidir.

Redaksiya xəbər verir ki, Baxçalı iki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə biləcək istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq mövqe əsasında hərəkət etməyin vacibliyini qeyd edib.

MHP sədri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əsas prinsiplərinə də toxunub. Onun sözlərinə görə, təşkilata üzv olan hər bir dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və daxili qanunvericiliyinə hörmət edilməsi münasibətlərin təməlini təşkil edir.

Dövlət Baxçalı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gözlənilən görüşü barədə də danışıb.

“Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın zirvə çərçivəsində keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha ortaya qoyacağına inanırıq”, – deyə Baxçalı bildirib.

O, oktyabrın son həftəsində Ankarada keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Baxçalının sözlərinə görə, sözügedən zirvə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin nümayiş etdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.