ABŞ rəsmisi İranla aparılan danışıqların gedişi ilə bağlı açıqlama verərək, Vaşinqtonun Tehrandan konkret tələblər irəli sürdüyünü və bu tələblərə cavab alınmadığını bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi İranın nüvə və raket proqramları ilə bağlı mövqeyində dəyişiklik görmür.
Redaksiya New York Times nəşrinə istinadla xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmisi İran tərəfinə uranın zənginləşdirilməsinin dayandırılması və ballistik raketlərin uçuş məsafəsi ilə sayının məhdudlaşdırılması tələblərinin açıq şəkildə çatdırıldığını deyib.
Rəsminin sözlərinə görə, aparılan danışıqlar çərçivəsində İranla heç bir real irəliləyiş əldə olunmayıb və Tehran rəhbərliyinin ABŞ prezidenti Donald Trampın tələblərinə cavab verməyə hazır olduğuna dair heç bir əlamət müşahidə edilmir.
Məlumata əsasən, Vaşinqton İranın mövcud mövqeyini dəyişmədiyini hesab edir və bu vəziyyət danışıqlar prosesinin dalana dirəndiyini göstərir. ABŞ tərəfi vurğulayır ki, İranın nüvə zənginləşdirmə fəaliyyəti və ballistik raket proqramı regional və qlobal təhlükəsizlik üçün ciddi risk olaraq qalır.
