Danimarka Baş naziri Netanyahu barədə “problemə çevrilib” dedi

Danimarka Baş naziri Netanyahu barədə “problemə çevrilib” dedi

Sevinc Kərimova · Siyasət ·

Danimarkanın Baş naziri Mette Frederiksen şənbə günü bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu artıq özü-özlüyündə “problemə çevrilib” və hazırda ölkəsi Avropa İttifaqına (Aİ) sədrlik etdiyi üçün Qəzza müharibəsi ilə bağlı İsrailə təzyiq göstərməyə çalışacaq.

Redaksiya AFP-yə istinadla xəbər verir ki, Frederiksen Jyllands-Posten qəzetinə müsahibəsində İsrail hökumətinin “həddini aşdığını” vurğulayıb. O, Qəzzadakı “tamamilə dəhşətli və fəlakətli” humanitar vəziyyəti və işğal olunmuş İordan çayının qərb sahilində yeni yaşayış məntəqələrinin salınmasını kəskin tənqid edib.

Baş nazir qeyd edib ki, Danimarka İsrailə təzyiqi artırmaq istəyən ölkələrdəndir, lakin hələ digər Aİ üzvlərinin dəstəyini qazana bilməyib. Onun sözlərinə görə, bu təzyiq siyasi və ya sanksiya formasında ola bilər: “Bu, məskunlaşanlara, nazirlərə, hətta bütün İsrailə qarşı tətbiq oluna bilər. Ticarət və ya elmi araşdırmalar üzrə sanksiyalar da gündəmdədir.”

Frederiksen əlavə edib ki, heç bir variantı əvvəlcədən istisna etmirlər: “Necə ki Rusiyaya qarşı sanksiyaları təsirli olacağı yerlərə yönəltdik, İsrailə qarşı da eyni yanaşmanı tətbiq etmək mümkündür.” Onun rəhbərlik etdiyi hökumət isə Fələstin dövlətini tanıyacağını hələ bəyan etməyənlər sırasındadır.

Sevinc Kərimova