"Anthropic" şirkəti "Claude Code Desktop" tətbiqinə "iOS Simulator" dəstəyini inteqrasiya edib. Yeni funksiya vasitəsilə süni intellekt köməkçisi "iPhone" və "iPad" simulyatorlarını işə sala, tətbiqləri qura və onların interfeysində müstəqil şəkildə naviqasiya edə bilir. Bu barədə "MacRumors" portalı məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, "Claude" düymələrə klikləməklə, ekranlar arasında keçid etməklə və dəyişiklikləri yoxlamaqla tətbiq tərkibində birbaşa qarşılıqlı əlaqə qurur. Sistem yaranan xətaları müstəqil şəkildə aradan qaldırır və sınaq proseslərini avtomatik olaraq yenidən icra edir.
Simulyator pəncərəsi söhbət pəncərəsinə paralel olaraq fəaliyyət göstərir və bu da tərtibatçılara istənilən an prosesə müdaxilə etmək, yaxud idarəetməni yenidən "Claude"a həvalə etmək imkanı yaradır. Bununla da süni intellekt tətbiqlərin tərtibatı və sınaqdan keçirilməsi dövrünün böyük hissəsini vahid interfeys üzərindən həyata keçirir.
