Çinin sabiq müdafiə nazirlərinə ölüm hökmü verilib

Çinin sabiq müdafiə nazirlərinə ölüm hökmü verilib

Yulduz Səlimov · Media ·

Çinin sabiq müdafiə nazirləri Vey Fenxe və Li Şanfu korrupsiya ittihamları üzrə iki il müddətinə təxirə salınmış ölüm cəzasına məhkum ediliblər. Hökm Çin hərbi məhkəməsi tərəfindən ayrı-ayrı işlər üzrə çıxarılıb.

Redaksiya Xinhua və Reuters-ə istinadla xəbər verir ki, Vey Fenxe rüşvət almaqda, Li Şanfu isə həm rüşvət almaqda, həm də rüşvət verməkdə təqsirli bilinib. Hər iki sabiq nazir Çin Kommunist Partiyasından daha əvvəl xaric edilmişdi.

Məhkəmə qərarına əsasən, onların siyasi hüquqları ömürlük ləğv olunub və bütün şəxsi əmlakları müsadirə ediləcək. İki illik təxirəsalma müddəti başa çatdıqdan sonra hökm qanuna uyğun olaraq ömürlük həbsə çevrilə bilər.

Çin qanunvericiliyinə görə, iki il təxirə salınmış ölüm hökmü adətən həmin müddət ərzində yeni cinayət törədilmədiyi halda ömürlük həbs cəzası ilə əvəz olunur. Lakin bu iş üzrə məhkəmə sonradan əlavə yüngülləşdirmə və ya şərti azadlığa buraxılma imkanının olmayacağını bildirib.

Vey Fenxe 2018-2023-cü illərdə müdafiə naziri olub. Li Şanfu isə 2023-cü ildə bu vəzifəyə təyin edilsə də, bir neçə ay sonra vəzifədən uzaqlaşdırılmışdı.

Bu hökmlər Çin Prezidenti Si Cinpinin orduda apardığı geniş antikorrupsiya kampaniyasının ən sərt mərhələlərindən biri kimi qiymətləndirilir. Son illərdə Çin Xalq Azadlıq Ordusunda, xüsusilə Raket Qoşunları və müdafiə sənayesi sahəsində onlarla yüksək rütbəli şəxs araşdırmaya cəlb edilib.