Çinin “Kəmər və yol” layihəsi tarixi İpək yolunun yenidən canlanmasına xidmət edir

Çinin “Kəmər və yol” layihəsi tarixi İpək yolunun yenidən canlanmasına xidmət edir

Sevinc Kərimova · Siyasət ·

Çinlə ökəmiz coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən mövcud olmuş dostluq əlaqələri bu gün də davam və inkişaf edir. Əlbəttə ki, bu münasibətlərin yaranmasında və inkişaf etməsində tarixi İpək yolu çox vacib rol oynamışdır. Güclənməkdə və böyüməkdə olan Çin öz iqtisadiyyatı yeni üfüqlər açmaqla şaxələnmək niyyətini ortaya qoyur.

Tarixə nəzər saldıqda çin xalqının zamanla çox çətinliklərlə üzləşdiyini, sərt sınaqlardan keçdiyini görə bilirik. Bunun nəticəsidir ki, Çinin xarici siyasətinin əsasını başqa ölkələrin daxili işinə qarışmamaq, iqtisadi əlaqələri faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək təşkil edir. Bəli, bu ölkə son onilliklər ərzində iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini ciddi şəkildə özünə cəlb edə bilmişdir. Bu ölkədə aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində davamlı inkişafa nail olunub. Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalaşıb.

2013-cü ildə Çinin “Kəmər və yol” layihəsini irəli sürməsi tarixi İpək yolunun yenidən canlanmasına xidmət edir. Qeyd edək ki, Azərbaycan Çinin irəli sürdüyü bu təşəbbüsü ilk dəstəkləyən dövlətlərdən biri oldu. Ölkəmizin layihəyə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də bu layihəyə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Müzəffər Prezidentimiz cənab İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfəri ərəfəsində bu ölkənin nüfuzlu Sinxua agentliyinə geniş müsahibə verərək, ikitərəfli, eləcə də çoxtərəfli münasibətlərimizin əsas prinsiplərinə bir daha aydınlıq gətirdi. Bəli, xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, Çin hər zaman beynəlxalq təşkilatlarda ölkəmizlə eyni mövqe nümayiş etdirib. Otuz il ərzində Azərbaycan üçün məqsədli şəkildə yaradılmış, lakin artıq keçmişdə qalmış “Qarabağ problemi”nə qarşı bu ölkənin münasibəti hər zaman birmənalı olub. Çin Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. Azərbaycan da öz növbəsində Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hər zaman hörmətlə yanaşıb və bu konsepsiyanı dəstəkləmişdir.

Dünya nəhəngi Çinin Azərbaycanı özünə tərəfdaş görməsi və ölkəmizlə bütün sahələrdə əlaqələr qurmağa və inkişaf etdirməyə maraqlı olması sevindiricidir. İnanırıq ki, ölkələrimiz tərəfindən irəli sürülən təşəbbüs və layihələr ən yaxın gələcəkdə böyük uğur və nailiyyətlərin əldə olunması ilə nəticələnəcəkdir.

Emin Bağırov;
Neftçala rayonu, sahibkar