Çin lideri Si Cinpin ABŞ-la münasibətlərdə rəqabət deyil, tərəfdaşlıq modelinin vacibliyini vurğulayıb.
Redaksiya Çin dövlət mediasına istinadla xəbər verir ki, Si Cinpin ABŞ və Çinin əməkdaşlıqdan qazandığını, qarşıdurmadan isə itirdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə rəqib deyil, tərəfdaş olmalıdır.
Çin lideri qeyd edib ki, Vaşinqton və Pekin bir-birinin uğur qazanmasına kömək etməli, rifah içində birlikdə yaşamalı və yeni dövrdə böyük dövlətlərin harmonik birgə mövcudluq modelini tapmalıdır.
Si Cinpin bildirib ki, o hər zaman ABŞ və Çin arasında fikir ayrılıqlarından daha çox ortaq maraqların olduğuna inanıb. Onun fikrincə, bir tərəfin uğuru digər tərəf üçün də imkan yaradır.
Çin lideri əlavə edib ki, ABŞ və Çin arasında sabit münasibətlər yalnız iki ölkə üçün deyil, bütün dünya üçün faydalıdır. Bu açıqlamalar Pekində Donald Trampla keçirilən görüş və ABŞ-Çin münasibətlərinin gələcəyi ilə bağlı müzakirələr fonunda səsləndirilib.
