2023-cü il iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini, siyasi, iqtisadi, enerji, logistika və humanitar sahələrdə əməkdaşlığın getdikcə daha da dərinləşəcəyini göstərir.
Qeyd edək ki, Azərbaycan və Çin arasında diplomatik münasibətlər 1992-ci ildən qurulub. İki ölkə arasında münasibətlər tədricən möhkəmlənərək dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf etmişdir.
İki il öncə qəbul edilən Birgə Bəyannamə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını təsdiqləyir. Əminliklə deyə bilərik ki, bu sənəd tərəflərin qarşılıqlı etimad və dəstəyə əsaslanan uzunmüddətli əməkdaşlıq niyyətini əks etdirir. Sənəddə suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsipinə sadiqlik vurğulanır. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və bu əməkdaşlığın qeyri-neft sektoru da daxil olmaqla daha da genişləndirilməsi nəzərdə tutulur. Sənəd çərçivəsində iqtisadi layihələrin, birgə sərmayələrin və sənaye zonalarının yaradılması təşviq edilir. Bu gün Azərbaycan Çin mallarının Avropa və Yaxın Şərqə daşınmasında mühüm tranzit ölkə kimi qəbul olunur. Çin şirkətlərinin Azərbaycanda enerji layihələrinə investisiyası ən yüksək səviyyədə dəstəklənir.
Bir sözlə ifadə etsək “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoyur. Bu sənəd gələcəkdə daha genişmiqyaslı layihələrin, qarşılıqlı sərmayələrin və siyasi-diplomatik yaxınlaşmanın hüquqi və siyasi əsasını təşkil edəcəkdir. Strateji tərəfdaşlıq statusu iki ölkənin regional və beynəlxalq səviyyədə əhəmiyyətli oyunçular kimi birgə çıxış etməsinə şərait yaradacaqdır.
Ölkə başçısı cənab İlham Əliyev bu günlərdə Çinin nüfuzlu Sinxua agentliyinə müsahibə verərək, ikitərəfli münasibətlərin bugünki mənzərəsinə aydınlıq gətirdi. Çin və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafı eyni zamanda regional sabitliyə və iqtisadi inkişafa töhfə verəcəkdir.
Esmira Məmmədzadə;
Neftçala rayonu
