Çin istehsalı olan "Chery" avtomobil şirkəti, Almaniyada istehsal gücünü artırmaq üçün yeni bir addım atmağa hazırlaşır. Avtomobil sənayesindəki son xəbərlər, şirkətin "Volkswagen"in bəzi zavodlarını almaq niyyətində olduğunu göstərir. Bu plan, "Chery"nin Avropa bazarında mövqeyini gücləndirməyə yönəlmiş strateji bir addım kimi qiymətləndirilir.
Redaksiya məlumat verir ki, "Chery" şirkəti, Almaniyada yerləşən iki "Volkswagen" zavodu ilə, xüsusilə də Drezden və Osnabrück şəhərlərindəki istehsal müəssisələri ilə maraqlanır. Məlumata görə, tərəflər arasında bu zavodların "Chery"yə verilməsi ilə bağlı danışıqlar aparılır. "Volkswagen"in xərcləri azaltmaq siyasəti çərçivəsində bu zavodları bağlamağı planlaşdırdığı bir vaxtda, "Chery"nin bu müəssisələrə maraq göstərməsi diqqət çəkir. Şirkətin rəhbərliyi, Almaniyada istehsal planlarını təsdiqləsə də, "Volkswagen"lə danışıqların aparılıb-aparılmaması barədə rəsmi açıqlama verməyib.
"Chery International" şirkətinin vitse-prezidenti Çarli Zhang, yekun qərarın işçi sendikatları, təchizat zəncirləri və əməliyyat xərcləri kimi detalların dəqiqləşdirilməsindən sonra veriləcəyini bildirib. Əgər razılıq əldə olunarsa, "Chery" bu zavodlarda 2 aprel 2025-ci ildə təqdim edilən yeni "Lepas" markasının istehsalını həyata keçirməyi planlaşdırır. "Lepas" adı altında satışa çıxarılacaq modellər, "Chery"nin mövcud "Tiggo" seriyasının yenidən dizayn edilmiş versiyaları olacaq. Bu avtomobillər, daxili yanma mühərriki, şarj edilə bilən hibrid və tam elektrikli güc ötürmə variantlarına sahib olacaq. İstehsal çeşidi isə iki kompakt SUV və bir orta ölçülü SUV modelini əhatə edir.
Eyni zamanda, "Chery"nin Türkiyə ilə bağlı investisiya planları hələ də qeyri-müəyyən olaraq qalır. Keçən həftələrdə Samsunda 1 milyard dollarlıq zavod yatırımı ediləcəyi barədə xəbərlər yayılmışdı. Bu iddiaların reallaşıb-reallaşmayacağı isə yaxın günlərdə məlum olacaq. "Chery"nin bu strateji addımları, şirkətin qlobal avtomobil bazarında daha da güclənməsinə və Avropa bazarında özünə möhkəm yer tutmasına xidmət edəcək.
Sevinc Kərimova
