“PAŞA Bank” ASC-nin insayderləri bankın ilkin kütləvi səhm təklifi (IPO) çərçivəsində ümumilikdə 1 milyon 627 min 505 manatlıq səhm alıblar.
2026-cı il mayın 12-dən iyunun 12-dək bağlanmış ümumilikdə 34 insayder əqdi açıqlanıb. Əqdlər PAŞA Bankın IPO çərçivəsində ilkin kütləvi təklifə buraxılmış səhmlərinin alınması ilə bağlı olub. Səhmlərin hər biri 55 manatdan əldə edilib.
Hesablamalara görə, insayderlərin səhmlərin alınmasına yönəltdiyi vəsait ümumilikdə 1 milyon 627 min 505 manat təşkil edib.
Qeyd edək ki, PAŞA Bank IPO çərçivəsində hər birinin təklif qiyməti 55 manat olan 932 926 səhm yerləşdirib. Beləliklə, IPO-nun ümumi həcmi 51 milyon 310 min 930 manat təşkil edib. Bankın açıqladığı nəticələrə əsasən, insayderlərin 1 milyon 627 min 505 manatlıq alışları IPO-nun ümumi həcminin təxminən 3,2%-nə bərabər olub.
Ən böyük əqdi PAŞA Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid Quliyev bağlayıb. O, IPO zamanı 499 min 950 manatlıq səhm alıb. Əməliyyatdan sonra onun PAŞA Bankdakı səhmlərinin sayı 9 090 ədəd təşkil edib.
İri həcmli digər əməliyyat “PAŞA Financial Holding”in baş icraçı direktoru Fərid Məmmədov tərəfindən həyata keçirilib. O, 297 min manat ödəməklə 5 400 səhm əldə edib.
PAŞA Bankın Korporativ və İnstitusional Bankçılıq üzrə idarəedici direktoru Heydər Süleymanov 154 min manatlıq 2 800 səhm, İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısı Pərvin Əhədzadə isə 110 min manatlıq 2 000 səhm alıb.
Bundan başqa, səhm alanlar arasında bankın digər rəhbər şəxsləri də var. İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Murad Süleymanov 28,6 min manatlıq 5 102 səhm, baş mühasib Rəşad Məmmədov isə 2 200 manatlıq 40 səhm alıb.
Bundan başqa, sənəddə İnsan Resursları üzrə Baş Direktor Zibeydə Hacıyeva, Hüquq və Korporativ İdarəetmə üzrə Baş Direktor Anar Kərimov, Xəzinədarlıq Departamentinin direktoru Kamil Allahverdiyev, Komplayns və AML Departamentinin direktoru Aynurə İsmayılzadə və bankın digər insayderlərinin də səhm alışları əksini tapıb.
Beləliklə, açıqlanan 34 insayder əqdi üzrə PAŞA Bankın rəhbər və digər əlaqəli şəxslərinin IPO-dakı alışları ümumi yerləşdirmənin təxminən 3,2%-ni təşkil edib.
Plat.az
