Çinin BYD avtomobil istehsalçısı elektriklə işləyən Yangwang U9 Xtreme hiperkarı ilə yeni dünya sürət rekordu müəyyənləşdirib. Avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən sınaq zamanı 503,17 km/saat sürətə çatıb. Bu göstərici Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən rəsmən tanınıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, rekord 2026-cı il noyabrın 1-də Əbu-Dabinin Əl-Dəfra bölgəsində, Şeyx Xəlifə bin Zayed beynəlxalq avtomobil yolunun (E11) xüsusi olaraq bağlanmış hissəsində qeydə alınıb.
Avtomobili almaniyalı peşəkar yarış sürücüsü Mark Basseng idarə edib. Sınaq üçün avtomobil yolunun 10 kilometrlik hissəsi bağlanıb. Bunun 7 kilometri yüksək sürətin əldə edilməsi üçün istifadə olunub.
Yangwang U9 Xtreme saatda 500 kilometr həddini aşan ilk seriyalı istehsal avtomobili kimi tarixə düşüb. Bununla da model həm seriyalı avtomobillər, həm də seriyalı elektrik avtomobilləri arasında bir istiqamətdə əldə edilmiş ən yüksək sürət üzrə iki Ginnes rekorduna imza atıb.
Yeni nəticə avtomobilin 2025-ci ilin sentyabrında Almaniyada müəyyənləşdirdiyi 496,22 km/saatlıq əvvəlki rekorddan 6,95 km/saat yüksəkdir.
BYD-nin məlumatına görə, rekord cəhdi iki gün davam edib. Oktyabrın 31-də keçirilən ilkin sınaqlarda avtomobil 490 km/saat sürətə çatıb.
Bundan sonra mühəndislər avtomobilin aerodinamik göstəricilərini, asqı sisteminin proqram təminatını və təkərlərdəki hava təzyiqini optimallaşdırıblar.
Noyabrın 1-də həyata keçirilən növbəti sınaqlardan birində 503,17 km/saatlıq rekord nəticə əldə olunub.
Yangwang U9 Xtreme dörd müstəqil elektrik mühərriki ilə təchiz edilib. Mühərriklərin ümumi gücü 3000 at gücündən çoxdur.
Avtomobilin texniki xüsusiyyətlərinə 1200 voltluq elektrik arxitekturası, qabaqcıl fırlanma momentinin paylanması sistemi və yüksək sürət üçün hazırlanmış xüsusi təkərlər daxildir.
BYD-nin icraçı vitse-prezidenti Stella Li bildirib ki, bu nəticə elektrik avtomobillərinin texnoloji imkanları baxımından mühüm mərhələdir.
Onun sözlərinə görə, şirkətin mühəndisləri əvvəlki rekorddan sonra avtomobilin sürət potensialını daha da artırmaq istiqamətində işləri davam etdiriblər.
Qeyd edək ki, rekord avtomobilin yalnız bir istiqamətdə hərəkəti zamanı müəyyənləşdirilib. Buna görə də nəticə iki əks istiqamətdə keçirilən sınaqların orta sürətinə əsaslanan rekordlarla qarışdırılmamalıdır.
Yangwang U9 Xtreme-nin nailiyyəti elektrik hiperkarlarının sürət və mühəndislik imkanlarının inkişafını nümayiş etdirir. Avtomobilin 503,17 km/saatlıq nəticəsi 6 noyabr 2026-cı ildə FIA və Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənib.
