Bursada yaşayan Ersan Yalçuvanın evi son günlərdə naməlum şəxslərin məqsədli hərəkətləri səbəbindən ciddi narahatlıqlarla üzləşib. Onun yaşadığı ünvana qısa müddət ərzində sifariş edilməyən yeməklər gətirilib, həmçinin əsassız şikayətlər nəticəsində polis və təcili tibbi yardım əməkdaşları dəfələrlə hadisə yerinə cəlb olunub.
Redaksiya məlumat verir ki, son iyirmi gün ərzində Yalçuvanın ünvanına ümumilikdə 400-ə yaxın saxta yemək sifarişi daxil olub. Gündə orta hesabla 20 dəfə qapının döyülməsi nəticəsində evin qarşısında kuryerlərin növbə yaratdığı, vəziyyətin isə ailə üzvləri üçün psixoloji gərginliyə çevrildiyi bildirilir.
Ersan Yalçuva verdiyi açıqlamada bildirib ki, hadisələr naməlum nömrələrdən gələn ardıcıl zənglərlə başlayıb. Onun sözlərinə görə, zəng edən şəxslər ailə üzvlərinə, o cümlədən azyaşlı və əlil övladına qarşı ağır təhqirlər səsləndirib və bu hərəkətlərin davam edəcəyini bildiriblər.
Zərərçəkən əlavə edib ki, saxta bombalı hücum və silah qaçaqmalçılığı barədə məlumatlar verildiyi üçün mülki geyimli polis əməkdaşları da dəfələrlə evə gəlib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı qeyd olunur.
