Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Dövlət qulluğunun tarixi ölkəmizdə ilk dövlətlərin yarandığı dövrdən başlayır. Millətimizin zaman-zaman bu torpaqlarda yaratdığı hər bir dövlətin özünəməxsus dövlət idarəçilik sistemi qurulmuş və dövlət qulluğunda çalışan kadr potensialı formalaşmışdır.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsidir. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
