Bu gün Azərbaycanın dünyada etibarlı tərəfdaş imici qazanması, xüsusilə Avropanın enerji təchizatında həyatı önəm daşıması Ölkəmizin beynəlxalq nüfuzunu xeyli yüksəltmişdir. Əminliklə demək olar ki, Azərbaycanın hazırkı imicinin formalaşmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nüfuz və etimadı həlledici rol oynayır.
Bilirik ki, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin neft-qaz resursları uzun illər bundan sonra təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olmağa imkan yaradır. Bu mənada ölkəmizin Avropada təkcə əməkdaşlıq deyil, eyni zamanda dostluq etdiyi ölkələrdən biri olan Macarıstanla münasibətlərinin son illər ərzində daha da inkişaf etməsi həyata keçirilən düşünülmüş siyasətin bariz göstəricisidir.
Belə ki, bu ölkə tarixi köklərə, ənənələrə sadiq qalmaqla Azərbaycanla münasibətlərində daim inkişaf və inteqrasiyaya çalışır. Bu gün ölkəmizin Avropaya sürətli inteqrasiyası, xüsusilə Macarıstan kimi inkişafa, tərəqqiyə, maraqlı və istəkli olan dövlətlərlə dostluq, əməkdaşlıq etməsi heç şübhəsiz ümumi inkişafımıza, tərəqqimizə fayda verəcəkdir. Biz ölkələrimiz arasında olan çox isti münasibətlərin səviyyəsinin Möhtərəm Prezident cənab İlham Əliyevin Macarıstana bu günlərdəki işgüzar səfəri zamanı bir daha şahidi olduq. Bəli, Avropa ölkələrinin indiki Azərbaycanın inkişaf səviyyəsinə, Liderinin şəxsi keyfiyyətlərinə həsədlə baxması sadəcə qürurvericidir!. Bu səfər hər iki ölkə, Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin nizamlanması istiqamətində çox əhəmiyyətli idi.
Bu gün Azərbaycan qazının ondan çox Avropa ölkəsinə, o cümlədən Macarıstana ötürülməsi iqtisadi inkişafa təkandır. Biz sərvətlərimizin sahibiyik. Və həyata keçirilən bütün layihələr düşünülmüş şəkildə dövlətimizin inkişafına, xalqımızın rifahına xidmət edəcəkdir. Macarıstan bu istiqamətdə təkcə Azərbaycan qazını istehlak edən ölkə kimi deyil, eyni zamanda Azərbaycan qazını tranzit edən ölkə kimi fəaliyyət göstərir. Bütün bu münasibətlər Azərbaycanımızın gələcəkdə də inkişafına zəmin yaradır, hər birimizi vətəndaş olaraq sevindirir.
Vüsal Atayev;
Neftçala rayonu
