Bu gün Azərbaycan bir çox ölkənin enerji təchizatında mühüm paya malikdir

Bu gün Azərbaycan bir çox ölkənin enerji təchizatında mühüm paya malikdir

Sevinc Kərimova · İqtisadiyyat ·

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası enerji təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma kimi diqqət çəkir. İclasda çıxış edən Möhtərəm Prezident cənab İlham Əliyev enerji sahəsində qlobal çağırışların artdığı bir dövrdə əməkdaşlıq və dialoqun əhəmiyyətini xüsusi vurğulamışdır.
Dövlət başçısı qeyd etmişdir ki, məhz birlikdə toplaşmaq, qarşılıqlı etimada əsaslanan müzakirələr aparmaq və enerji təhlükəsizliyinə dair mühüm məsələləri birgə həll etmək bu gün əvvəlki dövrlərlə müqayisədə daha böyük zərurətə çevrilmişdir. Onun sözlərinə görə, son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, enerji bazarlarında qeyri-sabitlik və müxtəlif risk faktorları göstərdi ki, etibarlı tərəfdaşlıq və uzunmüddətli strategiya olmadan dayanıqlı enerji təminatı mümkün deyil. Diqqət yetirsək görərik ki, Məşvərət Şurasının illik iclasları artıq ənənəvi xarakter alaraq mühüm nəticələrə yol açmışdır. Hər il keçirilən görüşlərdə ötən dövrdə görülən işlər təhlil olunur, əldə olunan nailiyyətlər qiymətləndirilir və qarşıdakı mərhələlər üçün konkret hədəflər müəyyənləşdirilir. Bu isə təşəbbüsün davamlılığını və effektivliyini nümayiş etdirir. İclasda qeyd olunmuşdur ki, təşəbbüsün başlanmasından artıq 12 ildən çox vaxt keçir və bu müddət ərzində layihə yalnız regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə töhfə verən mühüm mexanizmə çevrilmişdir. Dövlət başçısı vurğulamışdır ki, ötən 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin və mürəkkəb proseslərin şahidi olmuşuq. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan və tərəfdaş ölkələr qarşıya qoyulan məqsədlərə ardıcıl şəkildə nail olmuşlar. Ölkə başçısı nitqində xüsusilə son illərdə bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun daha da artdığına diqqət çəkmişdir. Bəli, bu gün Azərbaycan etibarlı enerji tərəfdaşı kimi tanınır və ixrac coğrafiyasını genişləndirərək bir çox ölkənin enerji təchizatında mühüm paya malikdir. Bu reallıq artıq gündəlik həyatımızda hiss olunan fakt kimi özünü göstərir. Eyni zamanda, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən iclas Azərbaycanın bərpaolunan enerji sahəsində artan rolunu nümayiş etdirmişdir. Cənab Prezident qeyd etmişdir ki, ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji potensialının reallaşdırılması istiqamətində də ardıcıl siyasət həyata keçirir. Bu isə həm enerji təhlükəsizliyinin şaxələndirilməsinə, həm də iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə verir.

Çıxışın əsas mesajı ondan ibarət olmuşdur ki, enerji təhlükəsizliyi bu gün yalnız iqtisadi məsələ deyil, həm də milli və regional təhlükəsizlik amilidir. Buna görə də əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq məsuliyyət prinsipləri əsasında qurulan tərəfdaşlıq gələcək uğurların əsas təminatıdır. Bakıda keçirilən iclas bir daha sübut etmişdir ki, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, həm ənənəvi, həm də yaşıl enerji istiqamətində qlobal əməkdaşlığa mühüm töhfələr verməyə davam edir. Bu platforma çərçivəsində aparılan müzakirələr və qəbul olunan qərarlar isə regionda və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Vurğun Şirəliyev;
Neftçala rayonu