Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ölkəsinin və NATO-nun Rusiya ilə mümkün hərbi münaqişəyə hazır olmasının vacibliyini bildirib. Nazir vurğulayıb ki, alyans Moskva ilə müharibə istəmir, lakin NATO ərazilərinin müdafiəsi üçün bütün zəruri hazırlıqları görməlidir. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Stritinq bu açıqlamanı Polşanın paytaxtı Varşavada ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə keçirdiyi birgə mətbuat konfransında verib.
“Böyük Britaniya və NATO-nun Rusiya ilə müharibəyə cəlb oluna biləcəyi ssenariyə hazır olmalıyıq. Bu, müharibə istədiyimiz üçün deyil. Biz Rusiya xalqı ilə qarşıdurma arzulamırıq. NATO müdafiə alyansıdır”, – deyə nazir bildirib.
Stritinq Rusiya Prezidenti Vladimir Putinin NATO ilə müharibəyə başlamaq niyyətinin olmadığına dair bəyanatlarına da münasibət bildirib. O, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl səsləndirilən açıqlamaları xatırladaraq bu cür təminatlara ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb.
Britaniya müdafiə naziri hesab edir ki, NATO-nun hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi mümkün müharibənin qarşısının alınmasında mühüm rol oynaya bilər.
“NATO ərazisinin hər qarışını müdafiə etməyə nə qədər yaxşı hazır olsaq, belə bir müharibə ilə üzləşmək ehtimalımız bir o qədər azalacaq”, – deyə Stritinq qeyd edib.
Nazir həmçinin Rusiyanın NATO ölkələrinə qarşı hibrid təhdidlərindən və alyansın qətiyyətini sınağa çəkmək cəhdlərindən narahatlığını ifadə edib.
Stritinq Polşanı Böyük Britaniyanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri adlandıraraq iki ölkə arasında müdafiə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
O, Britaniya hərbçilərinin gələn ay Ukrayna ilə bağlı çoxmillətli qüvvələr çərçivəsində keçiriləcək genişmiqyaslı təlimlərdə iştirak edəcəyini də açıqlayıb.
Britaniya müdafiə naziri NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya can atmadığını, lakin üzv dövlətlərin təhlükəsizliyini qorumaq və mümkün təhdidlərin qarşısını almaq üçün hərbi hazırlığın gücləndirilməsini zəruri hesab etdiyini bildirib.
