Britaniya maliyyə çatışmazlığı səbəbindən nadir fosil kolleksiyasını xaricə satılıb

Britaniya maliyyə çatışmazlığı səbəbindən nadir fosil kolleksiyasını xaricə satılıb

Aytac Dəniz · Media ·

Böyük Britaniyada ən əhəmiyyətli Yura dövrü fosil kolleksiyalarından biri yerli dövlət muzeylərinin maliyyə çatışmazlığı səbəbindən xaricə satılıb. Dorsetdə yaşayan kolleksiyaçı Kris Murun topladığı 318 nümunədən ibarət kolleksiyanı Əbu-Dabi Təbiət Tarixi Muzeyi əldə edib. Bu barədə The Guardian məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, kolleksiyaya ixtiozavrların, balıqların, xərçəngkimilərin və digər qədim canlıların fosilləri daxildir. Nümunələrin hamısı İngiltərənin məşhur Yura sahilində, əsasən Dorset ərazisindəki süxurlardan toplanıb. Alimlərin fikrincə, kolleksiyadakı bəzi fosillər indiyədək elmə məlum olmayan növlərə aid ola bilər.

Kolleksiya əvvəlcə Londondakı Təbiət Tarixi Muzeyinə və Uels Milli Muzeyinə satış üçün təklif olunub. Mənbələrin bildirdiyinə görə, kolleksiya üçün səkkizrəqəmli məbləğ tələb edilib. Lakin hər iki qurum maliyyə imkanlarının kifayət etmədiyini bildirib. Londondakı Təbiət Tarixi Muzeyinin nümayəndələrinin yazışmalarından birində yeni eksponatların alınması üçün vəsaitin ümumiyyətlə olmadığı qeyd edilib.

Muzey əməkdaşları maliyyə probleminin yanında belə böyük kolleksiyanın saxlanılması üçün yer, kuratorların iş vaxtı və nümunələrin qablaşdırılması kimi əlavə çətinliklərin də mövcud olduğunu bildiriblər. Nəticədə kolleksiyanı Əbu-Dabi Təbiət Tarixi Muzeyi alıb və nümunələrin əhəmiyyətli hissəsi artıq burada nümayiş etdirilir.

Britaniyalı paleontoloqlar və muzey mütəxəssisləri kolleksiyanın ölkədən çıxarılmasını Böyük Britaniyanın elmi və təbii irsi üçün ciddi itki kimi qiymətləndiriblər. Mütəxəssislər hadisənin ölkədə muzeylərin yeni və elmi baxımdan mühüm eksponatları əldə etmək üçün kifayət qədər maliyyələşdirilməməsi problemini yenidən gündəmə gətirdiyini bildiriblər.

Satış qanuni şəkildə həyata keçirilib. Böyük Britaniyada ölkə ərazisində tapılmış fosillərin xarici alıcılara satılmasını ümumi şəkildə qadağan edən qayda mövcud deyil. Müvafiq tövsiyələrə və fosillərin toplanması ilə bağlı yerli qaydalara əməl edildiyi halda belə nümunələrin xarici muzeylərə və kolleksiyaçılara satılması mümkündür.