BMT-də İranla bağlı yeni qətnamə hazırlanır

BMT-də İranla bağlı yeni qətnamə hazırlanır

Nizami Salmanov · Media ·

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Vaşinqtonun İrandan Hörmüz boğazı ilə bağlı əsas tələblərini açıqlayıb. Tələblər beynəlxalq gəmiçiliyin təhlükəsizliyi və boğazdan sərbəst keçidin bərpası ilə bağlıdır.

Redaksiya The Wall Street Journal və Associated Press-ə istinadla xəbər verir ki, ABŞ və Bəhreyn BMT Təhlükəsizlik Şurası üçün yeni qətnamə layihəsi hazırlayır. Sənəddə İrandan kommersiya gəmilərinə hücumları dayandırmaq, Hörmüz boğazına mina yerləşdirməmək və mövcud minaların yerlərini açıqlamaq tələb olunur.

Layihədə həmçinin İranın boğazdan keçən gəmilərdən rüsum və ya ödəniş tələb etməsinə son qoyması nəzərdə tutulur. Uolts bildirib ki, beynəlxalq su yollarının gəlir mənbəyinə çevrilməsi və mülki gəmiçiliyə təzyiq aləti kimi istifadə edilməsi qəbuledilməzdir.

ABŞ tərəfi humanitar yüklərin Hörmüz boğazından maneəsiz keçidinin təmin edilməsini də əsas tələblər sırasına daxil edib. Qətnamə layihəsində BMT-nin nəzarəti altında humanitar dəniz dəhlizinin yaradılması təklif olunur.

Məlumata görə, Vaşinqton bu təşəbbüsə Körfəz ölkələrinin dəstəyini almağa çalışır. Əvvəlki oxşar təşəbbüslər Rusiya və Çin tərəfindən bloklanmışdı, buna görə yeni layihənin Təhlükəsizlik Şurasında necə qarşılanacağı hələlik qeyri-müəyyəndir.