1975-ci ildə “Microsoft”u quraraq texnologiya dünyasında yeni dövr açan Bill Qeyts bu gün 69 yaşındadır və 115 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı şəxslərindən biridir. Ancaq onun fikrincə, sərvət qədər vacib olan başqa bir məsələ var: süni intellektin gələcəkdə əmək bazarına təsiri. Cimmi Fellonla söhbətində Qeyts bildirib ki, süni intellekt artıq təkcə köməkçi deyil, birbaşa rəqibimizə çevrilməkdədir.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Qeyts bəzi peşələrin hələlik süni intellekt tərəfindən tam əvəz edilə bilməyəcəyini düşünür. Onun sözlərinə görə, proqramçılar, enerji sahəsində çalışan mütəxəssislər və bioloqlar hələ uzun müddət insan faktoruna əsaslanmağa davam edəcəklər.
Qeyts deyib ki, proqramlaşdırma sahəsində süni intellekt bəzi kod parçalarını yaza bilsə də, onları təkmilləşdirmək, səhvləri düzəltmək və sistemə uyğunlaşdırmaq üçün hələ də insan müdaxiləsi vacibdir. ABŞ-da proqramçılar orta hesabla illik 99.700 dollar gəlir əldə edirlər.
Enerji sahəsində isə süni intellekt analiz və hesablamalar aparmaqda faydalı ola bilər, lakin qərarların verilməsi insan zəkasına bağlı qalır. Bu sahədə çalışan mütəxəssislər bəzi bölgələrdə illik 120 min dollara qədər gəlir əldə edirlər.
Qeyts eyni zamanda biologiya sahəsinə də toxunub. O bildirib ki, süni intellekt bəzi məlumatları analiz edə bilər, lakin elmi təxəyyül, sezgi və fərziyyə qurmaq kimi bacarıqlar hələlik yalnız insanlara aiddir. Bioloqların illik orta qazancı 78 min dollara yaxındır.
Müsahibəsində o da vurğulayıb ki, bu dəyişikliklər yalnız peşələri deyil, həm də iş rejimini kökündən dəyişə bilər. Onun fikrincə, süni intellektin inkişafı nəticəsində gələcəkdə həftədə iki və ya üç gün işləmək kifayət edə bilər: “Bu texnologiya səhiyyədə, psixoloji dəstəkdə və digər vacib sahələrdə ciddi çatışmazlıqları aradan qaldıra bilər. Ancaq bununla yanaşı, işin strukturu və insan həyatında tutduğu yer də yenidən düşünülməlidir.”
Proqramçılıq
- Bill Qeytsə görə, süni intellekt proqram kodları yaza bilsə də, bu sahədə insan zəkası hələ də əvəzsizdir. Kodların strukturlaşdırılması, səhvlərin aradan qaldırılması, sistemə uyğunlaşdırılması və yaradıcı proqram həllərinin işlənməsi hələlik yalnız insanların bacardığı işlərdir. Süni intellektin hazırda yazdığı kodlar çox vaxt səhvlərlə dolu olur və onların keyfiyyətli şəkildə işlək hala gətirilməsi üçün təcrübəli proqramçılara ehtiyac qalır. Qeyts bu səbəbdən proqramçılığın yaxın gələcəkdə tam avtomatlaşdırılmayacağını hesab edir.
Enerji mütəxəssisləri
- Enerji sahəsində çalışan mütəxəssislər də süni intellektin təsirindən kənarda qala biləcək peşə sahibləri sırasında göstərilir. Süni intellekt məlumatları sürətlə analiz etsə də, enerji sistemləri ilə bağlı kritik qərarların verilməsi — təhlükəsizlik, iqtisadi səmərəlilik və yerli şəraitin qiymətləndirilməsi kimi məsələlər — insan təcrübəsi və məsuliyyətini tələb edir. Bill Qeyts hesab edir ki, bu sahədə süni intellekt yalnız bir vasitədir, qərar isə insan tərəfindən verilməlidir.
Bioloqlar
- Qeytsin diqqət çəkdiyi üçüncü peşə sahəsi biologiyadır. Süni intellekt mövcud məlumat bazalarından nəticələr çıxara, analizlər apara bilər. Lakin təbiətdə baş verən kompleks prosesləri anlamaq, fərziyyələr irəli sürmək, elmi təxəyyülə əsaslanan hipotezlər qurmaq yalnız bioloqların qabiliyyətidir. İnsan zəkasının bu sahədəki sezgisi və yaradıcı yanaşması hələlik heç bir alqoritm tərəfindən təqlid edilə bilmir. Bu səbəbdən Qeyts bioloqların gələcəkdə də əvəzolunmaz qalacağını vurğulayır.
Fərid Əlizadə
