Amazon-un qurucusu Ceff Bezos texnoloji inqilabların əmək bazarında yaratdığı dəyişiklikləri maraqlı nümunələrlə izah edib.
Redaksiya məlumat verir ki, Bezos insanlara 100 il əvvələ qayıdıb fermerlərə “masaj terapevti” adlı real peşənin mövcud olacağını deməyi təsəvvür etməyi təklif edib. Onun sözlərinə görə, bu gün isə daha qəribə görünən sahələr, hətta it psixiatriyası kimi xidmətlər mövcuddur.
Bezos bildirib ki, hər texnoloji inqilab zamanı insanlar əsasən hansı işlərin yox olacağına fokuslanır. Lakin yeni texnologiyaların yaradacağı peşələr əvvəlcədən görünmür, çünki onların ortaya çıxması üçün əvvəlcə bir neçə başqa ixtira və bazar formalaşmalıdır.
Onun fikrincə, 1920-ci illərin fermeri traktorun bəzi işçiləri əvəz edəcəyini başa düşə bilərdi. Amma sosial media meneceri, mobil tətbiq developeri və ya YouTuber kimi peşələri təsəvvür edə bilməzdi.
Bezos hesab edir ki, süni intellekt, yəni Sİ ilə bağlı indiki vəziyyət də buna bənzəyir. Cəmiyyət Sİ-nin hansı işləri əvəz edəcəyinə baxır, amma hələ yaranmamış milyard dollarlıq sənaye və peşələri görə bilmir.
Onun sözlərinə görə, gələcək əvvəlcə gülməli və qeyri-real səslənir, daha sonra isə gündəlik həyatın normal hissəsinə çevrilir.
