Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni laboratoriyanın istifadəyə verilməsi ilə bağlı layihə BP-nin sosial təşəbbüsləri çərçivəsində həyata keçirilib.
Bunu BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Strateji əhəmiyyətli binaların və qurğuların monitorinqi və qiymətləndirilməsi laboratoriyası” universitetdə müvafiq istiqamət üzrə tədrisin inkişafına və elmi-texniki imkanların genişləndirilməsinə xidmət edəcək:
"Laboratoriyanın yaradılması universitetlə əməkdaşlıq çərçivəsində həyata keçirilən artıq üçüncü layihədir.
Bu, universitetlə birgə reallaşdırdığımız üçüncü layihədir. Bundan əvvəl də səmərəli əməkdaşlıq çərçivəsində müxtəlif laboratoriyalar istifadəyə verilib. Ümid edirik ki, yeni laboratoriya tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasına, universitetdə aparılan elmi-tədqiqatların keyfiyyətinin artırılmasına və ali təhsil müəssisəsinin sənaye sektoru ilə əlaqələrinin daha da inkişafına töhfə verəcək”.
O qeyd edib ki, layihənin əsas hədəflərindən biri AzMİU-da tədris prosesinin təkmilləşdirilməsi ilə yanaşı, universitetin elmi-texniki infrastrukturunun inkişafına dəstək göstərməkdir.
