Yasamal rayonunun dördüncü Nəriman Nərimanov küçəsində Bakının Baş Planına uyğun olaraq yeni yaşayış binası tikiləcək. Bu məqsədlə sözügedən ünvanda yaşayan 41 ailənin 40-ı ilə razılıq əldə edilib, onlar evlərini müəyyən olunmuş qiymətə “Alians Development” şirkətinə satıblar.
Yalnız bir ailə tikinti şirkətinin heç bir təklifi ilə razılaşmır.
42 kv.metr sahəsi olan həmin evdə iki bacı, onların övladları və bir qardaş yaşayır. Evə müstəqil ekspert tərəfindən 125 min manat qiymət qoyulub, məhkəmə tərəfindən təsdiqlənib. Şirkət isə ailəyə daha çox - 300 min manat pul təklif edib. Amma qardaş istisna olmaqla, digər ailə üzvləri bununla razılaşmır. Evin sahəsinin 42 deyil, 100 kvadratdan artıq olduğunu iddia edən ailə şirkətdən qiymətindən qat-qat çox - 1 milyon manat istəyir.
Belə olan halda şirkət evi almaqdan imtina edib, həmin evi yeni tikinti ərazisinə daxil etməyib. Bundan sonra ailə müxtəlif yerlərə şikayət edərək kənarda aparılan tikinti işlərindən narazılıq edir, texnikanın işinə görə mülklərində rahat yaşaya bilmədiklərini deyirlər.
Maraqlıdır ki, bacılardan fərqli olaraq qardaş Əlisa Quliyev “Alians Development”in təklifi ilə razıdır. Əlisa deyir ki, şirkətin təklif etdiyi məbləğ onu tam qane edir və müqaviləyə bu dəqiqə qol çəkməyə hazırdır. Buna görə onunla bacıları arasında ciddi mübahisə yaranıb, iş o yerə çatıb ki, Əlisanı evdən çıxarıblar. Dediyinə görə, hazırda həyat yoldaşı ilə birgə çöldə qalıb.
Məsələni aydınlaşdırmaq üçün mübahisə predmeti olan evə yollandıq. Narazı bacılar evdə olsalar da, suallarımızı cavablamaqdan imtina etdilər. Dedilər ki, uzun illərdir şəhərin mərkəzində yaşayıblar, bundan sonra gedib kənar yerlərdə qala bilməzlər. (Şirkət ailəni yeni bina tikilənə kimi kirayəyə çıxarmağı, yeni bina tikiləndən sonra ev verməyi də təklif etdiyini də deyir-red).
“40 ailə razılaşır, siz niyə narazısınız?” və “Evin sahəsinin 100 kvadratdan çox olmasını təsdiq edən sənədiniz varmı?” suallarına isə cavab verməkdən imtina etdilər, heç bir sənəd göstərmədən bizi yola saldılar.
“Alians Development”in nümayəndəsi Ceyhun Yusifov isə narazı ailənin iddialarının əsassız olduğunu bildirir. Nümayəndənin sözlərinə görə, ailənin məqsədi tamamilə yararsız və qəzalı vəziyyətdə olan mənzil üçün dəyərindən 20-30 dəfə artıq məbləğ almaqdır:

“Xəzər Quliyeva və Valeh Mustafayevin dedikləri qətiyyən həqiqəti əks etdirmir. Əslində həmin şəxslər tərəfindən mülkiyyətimizdə olan ərazinin 8 kv.m hissəsi zəbt edilib, onlara aid olan sahə isə sadəcə 42 kv.m-dir. Ən əsası isə həmin sakinlərin yaşadığı mənzil qəzalı vəziyyətdədir, yaşayış üçün əlverişli hesab edilmir və Bakı şəhərinin Baş Planına uyğun gəlmir. Eyni zamanda həmin 42 kv.m-lik sahə müəssisəmizin tikinti aparmaq istədiyi və tikinti üçün istifadə etdiyi sahə ilə üst-üstə düşmür. Müəssisəmizin tikinti aparmaq istədiyi sahəyə aid olmasa da, həmin 42 kv.m üçün Valeh Mustafayev və Xəzər Quliyevaya ümumilikdə üç yüz min manat və ya yeni tikiləcək binada 70-75 kv metrlik mənzil təklif edilib, lakin bu təklifdən imtina olunub”.

Ceyhun Yusifov onu da qeyd edib ki, sözügedən ailə 42 kv.m üçün müəssisədən ümumilikdə 1 milyon manat tələb edib. Belə olan halda da şirkət həmin yeri almaqdan imtina edib: “Məqsəd tamamilə yararsız və qəzalı vəziyyətdə olan mənzil üçün dəyərindən 20-30 dəfə artıq məbləğ almaqdır. Yəni sakinlərin paylaşdığı məlumatlar tam qərəzli olmaqla həqiqəti əks etdirmir. Həmin sahə ilə bağlı hazırda müəssisəmizin hər hansı tələbi mövcud deyildir. Müəssisəmiz barəsində düzgün olmayan məlumatların paylaşılması işgüzar nüfuza xələl gətirir. Hazırda bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi davam edir, hüquqi nəticəsini zamanla görəcəyik”.
Qafqazinfo
