ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun Pekinlə münasibətlərinə toxunaraq Çin rəhbərliyinin hazırkı ABŞ Prezidenti Donald Trampa hörmət etdiyini bildirib. O, bunu iki ölkə arasında son dövrdə aparılan yüksək səviyyəli danışıqlar kontekstində səsləndirib. Bu barədə Fox News məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Bessent ABŞ-ın Çinlə iqtisadi və təhlükəsizlik məsələləri üzrə daha sərt mövqedən danışıqlar apardığını deyib. Onun sözlərinə görə, Pekin Vaşinqtonun mövqeyini və Tramp administrasiyasının təzyiq imkanlarını nəzərə alır.
Bessent həmçinin Çinin İrana göstərdiyi dəstəyi əhəmiyyətli dərəcədə azaltdığını iddia edib. ABŞ rəsmisi bunun Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq kampaniyası və üçüncü ölkələrə yönəlmiş xəbərdarlıqları fonunda baş verdiyini bildirib.
ABŞ administrasiyası son aylarda İranla iqtisadi əlaqələri davam etdirən şirkətlərə və maliyyə qurumlarına qarşı sanksiya təzyiqini artırıb. Çin isə İranla münasibətlərinin normal dövlətlərarası əməkdaşlıq çərçivəsində olduğunu bildirir və ABŞ-ın birtərəfli sanksiyalarını tənqid edir.
