Baydenə aqressiv prostat xərçəngi diaqnozu qoyuldu

Baydenə aqressiv prostat xərçəngi diaqnozu qoyuldu

Aytac Dəniz · Səhiyyə ·

ABŞ-ın sabiq prezidenti Co Baydenə aqressiv növdə prostat xərçəngi diaqnozu qoyulub. Bu barədə onun şəxsi ofisi və yaxın çevrəsi rəsmi açıqlama yayıb.

Redaksiya NYT nəşrinə istinadən xəbər verir ki, həkimlər Baydenin prostat vəzində Gleason 9 (Grade Group 5) səviyyəsində – yüksək dərəcəli və sürətlə yayılan – xərçəng aşkarlayıblar. Xəstəliyin sümük metastazı ilə müşayiət olunduğu bildirilir.

Həkimlərin sözlərinə görə, diaqnozun aqressivliyinə baxmayaraq, xərçəng hormon müalicəsinə həssasdır və bu da müalicə baxımından müsbət amil sayılır. Hazırda Bayden və ailəsi tibbi heyətlə birlikdə müalicə variantlarını dəyərləndirir.

Xatırladaq ki, bir neçə gün öncə keçmiş prezidentin tibbi müayinələri zamanı prostat vəzində şübhəli düyün aşkarlanmış, əlavə testlərin aparıldığı açıqlanmışdı. Diaqnozun təsdiqlənməsi ABŞ ictimaiyyətində və beynəlxalq mediada ciddi rezonans doğurub.

Baydenin sağlamlıq durumu ilə bağlı yeni məlumatların yaxın günlərdə paylaşılacağı gözlənilir.

Kənan Cəlilov