Banklar çirkli pulların yuyulmasına qarşı Sİ-dən istifadə edəcək

Banklar çirkli pulların yuyulmasına qarşı Sİ-dən istifadə edəcək

Fərid Əlizadə · Media ·

Anthropic və FIS banklara maliyyə cinayətləri ilə mübarizədə kömək edəcək yeni Sİ agenti hazırlayır. Alət bank hesabları və əməliyyatlar üzrə şübhəli fəaliyyətləri araşdırmaq, mümkün cinayət halları barədə sübutları toplamaq üçün istifadə olunacaq.

Redaksiya The Wall Street Journal-a istinadla xəbər verir ki, tərəfdaşlıq çərçivəsində Anthropic-in Claude modeli FIS-in maliyyə infrastrukturu və məlumat sistemləri ilə birləşdiriləcək. İlk mərhələdə alət narkotik qaçaqmalçıları, terrorçular və digər cinayətkar qrupların bank sistemindən istifadəsini aşkar etməyə yönələcək.

FIS-in baş direktoru Stefani Ferrisin sözlərinə görə, Sİ agenti potensial işlər üzrə əməliyyatlar, hesab məlumatları və müxtəlif mənbələrdə saxlanılan digər sübutları müstəqil şəkildə bir araya gətirə biləcək. Bunun bankların araşdırma xərclərini və hər işə sərf olunan vaxtı ciddi şəkildə azaltması gözlənilir.

Bununla belə, yekun qərarı Sİ deyil, insan müstəntiqlər verəcək. Bank of Montreal və Amalgamated Bank bu alətdən ilk istifadə edəcək qurumlar arasında olacaq. Məhsulun ilin ikinci yarısında FIS müştəriləri üçün daha geniş istifadəyə verilməsi planlaşdırılır.

Maliyyə qurumları hər il çirkli pulların yuyulmasına qarşı mübarizə və uyğunluq prosedurlarına milyardlarla dollar xərcləyir. Yeni layihə Sİ texnologiyalarının bank sektorunda mövcud proqram təminatını əvəz etməkdən çox, araşdırma və uyğunluq proseslərini sürətləndirmək üçün istifadə olunacağını göstərir.