Bank of America İnstitutunun yayımladığı araşdırmaya əsasən, Z nəsli qarşıdakı onillikdə qlobal iqtisadiyyatda əsas maliyyə gücünə çevriləcək və gəlirlərin həcminə görə əvvəlki nəsilləri geridə qoyacaq.
Redaksiya Bank of America istinadla xəbər verir ki, 2035-ci ilə qədər Z nəsli dünya əhalisinin təxminən 30 faizini təşkil edəcək, onların ümumi gəlirləri isə 36 trilyon dollara çatacaq, 2040-cı ildə bu göstəricinin 74 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır.
Araşdırmada qeyd olunur ki, hazırda Z nəslinin xərcləmə səviyyəsi əhali üzrə orta göstəricidən yüksəkdir və bu, əsasən zəruri mallar, səyahət və əyləncə sahələrində özünü göstərir. Eyni zamanda, onların xərcləri çox vaxt yığımlarından demək olar ki, iki dəfə artıq olur.
Sorğunun nəticələrinə görə, Z nəslinin nümayəndələrinin 32 faizi eyni yaş dövründə valideynləri ilə müqayisədə maliyyə məqsədlərinə çatmaqda geri qaldıqlarını düşünür və bu amil gələcək maliyyə davranışlarına təsir edə bilər.
