Bakıda 12 hektarlıq böyük söküntü başlayır – 35 milyonluq tender yenə bu şirkətə verildi

Bakıda 12 hektarlıq böyük söküntü başlayır – 35 milyonluq tender yenə bu şirkətə verildi

Aytac Dəniz · İqtisadiyyat ·

Bakıda 12 hektarlıq böyük söküntü başlayır – 35 milyonluq tender yenə bu şirkətə verildi
Bakı şəhərinin Nəsimi rayonu ərazisində – 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər uzanan 12 hektarlıq sahədə yeni istirahət parkının salınması üzrə keçirilən irihəcmli açıq tender müsabiqəsinə yekun vurulub.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən elan olunan satınalmanın ehtimal olunan qiyməti 49 milyon 440 min 118 manat təşkil edib. Keçirilən müsabiqənin nəticələrinə əsasən, layihənin icrası 35 milyon 229 min 641 manat son təkliflə "XEZER-CONSTRUCTION" MMC-yə həvalə olunub.

Layihə çərçivəsində 12 hektarlıq ərazidə olan mövcud tikililərin, asfalt qatının, eləcə də ərazidən keçən dəmir yolunun sökülməsi, daha sonra isə müasir standartlara cavab verən istirahət və yaşıl park zonasının inşası nəzərdə tutulur.

Milyonluq tenderin qalibi kimdir?

Dövlət Vergi Xidmətinin kommersiya hüquqi şəxslərin reyestr məlumatlarına əsasən, "XEZER-CONSTRUCTION" MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130 göstərilir. Qurumun qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

"XEZER-CONSTRUCTION" MMC ölkə mətbuatında tez-tez iri dövlət tenderlərinin qalibi kimi xatırlanır. Açıq mənbələrdə şirkətin geniş korporativ portfeli və ya geniş rəsmi təqdimatı yer almasa da, son illərdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) xətti ilə keçirilən on milyonlarla manatlıq layihələrin icraçısına çevrilib. Şirkət bundan əvvəl Mərkəzi Nəbatat Bağının abadlaşdırılması, habelə paytaxtın Nərimanov, Nəsimi, Səbail, Nizami, Xətai və digər rayonlarında həyətlərin, parkların təmiri və asfaltlanması üzrə ümumilikdə 100 milyon manatdan çox dəyəri olan dövlət sifarişlərini əldə edib. (plat.az)