AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

Aytac Dəniz · Elm ·

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Hamburq Tətbiqi Elmlər Universitetini (HAW Hamburg) ziyarət edib. Nümayəndə heyətində tədris məsələləri üzrə prorektor Sübhan Namazov, Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri Səyami Hüseynov və kafedranın tədqiqatçı professoru, Almaniyanın “IXUN GmbH” şirkətinin direktoru Xüdaverdi Kərimov təmsil olunub.

Hamburq Tətbiqi Elmlər Universitetinin (HAW Hamburg) fakültə dekanı professor Enno Stöver universitet haqqında geniş təqdimatla çıxış edərək müasir trendlər və dayanıqlı inkişaf tələbləri baxımından universitetdə həyata keçirilən infrastruktur və institusional islahatlar, sənaye əməkdaşlığı, innovasiya və sahibkarlığın inkişafı barədə geniş məlumat verib. O, AzTU ilə əməkdaşlığa yüksək maraq göstərdiklərini və konkret əməkdaşlıq istiqamətlərini xüsusi qeyd edib. Xüsusilə müasir sənaye problemlərinin həllinə yönəlmiş birgə tədqiqatların aparılması, tədqiqatçıların qarşılıqlı əməkdaşlığı, sənaye əhəmiyyətli ikili diplom və müxtəlif sertifikat proqramlarının hazırlanması ilə bağlı konkret fikirlər səsləndirilib.

Rektor professor Vilayət Vəliyev AzTU-da sənaye problemlərinin həlli istiqamətində aparılan islahatlar, xüsusilə son dövrlərdə həyata keçirilən institusional və infrastruktur yenilənmələri, eləcə də “Sabah Hub” layihəsi çərçivəsində innovasiya və sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə geniş təqdimat edib. O, hazırda Almaniya universitetləri ilə kifayət qədər sıx əlaqələrin olduğunu diqqətə çatdıraraq bu əlaqələrin tətbiqi elmlər universitetləri, xüsusilə HAW Hamburg ilə əməkdaşlıq istiqamətində genişləndirilməsində maraqlı olduqlarını bildirib. Rektor sənaye problemlərinin həllinə yönəlmiş konkret akademik, tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Daha sonra nümayəndə heyəti HAW Hamburg-un zəngin laboratoriya bazası ilə tanış olub. Materialşünaslıq və Qaynaq Texnologiyaları İnstitutunun rəhbəri professor Sharam Sheikhi Şarm additiv texnologiyalar, müasir qaynaq texnologiyaları, sənaye mühəndisliyi, biznes mühəndisliyi və davamlı mühəndislik sahələrində birgə layihələrin, habelə texnikanın müxtəlif sahələri üzrə sənaye əhəmiyyətli qısamüddətli sertifikat və təlim proqramlarının həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Universitetin Materialşünaslıq və Qaynaq Texnologiyaları İnstitutunun laboratoriya və mərkəzləri ilə tanışlıq zamanı gələcəkdə təhsil və tədqiqat sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsi istiqamətində müqavilənin imzalanması barədə razılıq əldə olunub.

Almaniyaya səfər proqramı davam edir.