“Anthropic” şirkətinin hazırladığı Claude süni intellekt sistemi məşhur riyaziyyatçı və məntiqçi Kurt Gödelin onilliklər əvvəl yazdığı 1009 səhifəlik elmi qeydləri bir neçə gün ərzində təhlil edərək yüzlərlə riyazi teorem və indiyədək diqqətdən kənarda qalmış elmi ideyanı üzə çıxarıb. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Helsinki Universitetinin məntiq üzrə mütəxəssisi Yan fon Platonun rəhbərlik etdiyi tədqiqat qrupu 2017-ci ildən Gödelin 1940-cı illərdə yazdığı 16 dəftərin məzmununu araşdırırdı. Qeydlərin böyük hissəsi artıq istifadə olunmayan alman stenoqrafiya sistemi ilə yazıldığından onların öyrənilməsi olduqca çətin idi.
Tədqiqatçılar həftədə orta hesabla bir səhifənin riyazi məzmununu təhlil edə bilirdilər. Lakin Claude sisteminə qeydlərin əvvəlcədən hazırlanmış transkripsiyaları və müvafiq elmi ədəbiyyat təqdim edildikdən sonra süni intellekt cəmi bir neçə gün ərzində 650 səhifəlik geniş təhlil hazırlayıb.
Araşdırma zamanı Claude Gödelin qeydlərində sübutları, sübut eskizləri və ya ilkin ideyaları olan 663 riyazi teorem müəyyənləşdirib. Onların yoxlanılması üçün riyazi sübutların doğruluğunu qiymətləndirən Coq proqramından istifadə olunub.
Nəticələrə əsasən, təxminən 400 teorem ilkin formada təsdiqlənib, 200-ə yaxın teoremin dəqiqləşdirilməsinə ehtiyac yaranıb, 50-yə yaxın nəticə isə yanlış hesab edilib.
Tədqiqat zamanı Gödelin sonrakı onilliklərdə digər alimlər tərəfindən əldə edilmiş bəzi riyazi nəticələri daha əvvəl araşdırdığı da müəyyənləşdirilib. Bundan başqa, qeydlərdə indiyədək geniş tədqiq olunmamış 14 məntiq mövzusu aşkarlanıb.
Mütəxəssislər hesab edirlər ki, süni intellektin böyük həcmli mürəkkəb elmi materialları qısa müddətdə təhlil etməsi riyaziyyat və digər fundamental elmlərdə araşdırmaların sürətini əhəmiyyətli dərəcədə artıra bilər.
Bununla belə, əldə olunan nəticələrin müstəqil elmi qiymətləndirilməsi və bəzi sübutların əlavə yoxlanılması hələ də vacib hesab olunur.
