Azərbaycanın sülh gündəliyi reallaşır: Bişkek görüşünün görünməyən tərəfləri

Azərbaycanın sülh gündəliyi reallaşır: Bişkek görüşünün görünməyən tərəfləri

Aytac Dəniz · Siyasət ·

Ötən gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın növbəti mühüm göstəricisi kimi qiymətləndirilməlidir. Görüşün məzmunu və tərəflərin müzakirə etdiyi məsələlər göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq əsas sual sülhün mümkün olub-olmaması deyil, əldə olunan razılaşmaların necə və hansı ardıcıllıqla həyata keçiriləcəyidir.

Bu baxımdan Bişkek görüşü təsadüfi hadisə deyil. O, son illərdə Azərbaycanın diplomatik müstəvidə formalaşdırdığı xəttin növbəti mərhələsi kimi meydana çıxır. Praqadan Vaşinqtona, oradan Bişkekə uzanan prosesdə rəsmi Bakının irəli sürdüyü əsas prinsiplərin ardıcıl qəbul edilməsi diqqət çəkir.

20205-ci il avqusutun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalaması və sülh sazişinin razılaşdırılmış mətninin paraflanması prosesin mühüm dönüş nöqtəsi oldu. Bişkek görüşü isə həmin siyasi razılaşmaların praktiki nəticələrə çevrilməsi baxımından əhəmiyyət daşıyır.

Görüşdə Azərbaycanın neft məhsullarının Ermənistana ixracının, üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisindən Ermənistana tranzitinin, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulmasının müzakirə edilməsi bunun bariz nümunəsidir. Bir müddət əvvəl Bakı ilə İrəvan arasında siyasi müstəvidə müzakirə olunan məsələlər indi iqtisadi və kommunikasiya əlaqələrinin qurulması mərhələsinə keçir.

Burada diqqətçəkən başqa məqam isə TRIPP - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun gündəmə gətirilməsidir. Kommunikasiyaların açılması Azərbaycanın uzun müddətdir irəli sürdüyü əsas məsələlərdən biridir. İndi isə bu məsələ artıq ikitərəfli danışıqların əsas praktik istiqamətlərindən birinə çevrilib.

Bişkek görüşünün ən mühüm tərəflərindən biri də ondan ibarətdir ki, tərəflər artıq gələcək münasibətlərin konkret mexanizmlərini müzakirə edirlər. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, enerji və ticarət əməkdaşlığı kimi məsələlərin gündəmdə olması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

Bu mənzərədə Azərbaycan Prezidentinin siyasi xəttinin nəticələri xüsusilə nəzərə çarpır. Rəsmi Bakı uzun müddət ərzində irəli sürdüyü məsələləri ardıcıl şəkildə danışıqlar gündəliyində saxlayıb və bu məsələlərin bir hissəsinin artıq Ermənistan tərəfindən də müzakirə edilən mövzulara çevrilməsinə nail olub.

Əgər əvvəlki mərhələdə əsas müzakirə mövzusu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və sülh sazişinin imzalanması idisə, bu gün gündəlik daha çox sülhün iqtisadi dividendləri, kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası və regional inteqrasiya ətrafında formalaşır.

Bu, diplomatik baxımdan mühüm dəyişiklikdir. Çünki gündəliyi müəyyən edən tərəf olmaq danışıqlarda ən böyük üstünlüklərdən biridir.

Bişkekdə Azərbaycan-Ermənistan liderlərinin görüşü həm də onu göstərdi ki, Bakı artıq yalnız mövcud problemlərə cavab verən tərəf deyil. Azərbaycan regional proseslərin gələcək arxitekturasını müəyyənləşdirən və hansı istiqamətlər üzrə irəliləyiş əldə edilməli olduğunu ortaya qoyan əsas aktorlardan birinə çevrilib.

Məhz buna görə Bişkek görüşünü Vaşinqton görüşündən ayrı qiymətləndirmək doğru olmaz. Vaşinqtonda əldə olunan siyasi nəticələr Bişkekdə praktiki gündəliyə çevrilir. Praqa və digər platformalarda başlayan diplomatik proses isə tədricən Azərbaycanın irəli sürdüyü şərtlər və prioritetlər ətrafında yeni regional reallığın formalaşmasına gətirib çıxarır.

Bu mənada Bişkek görüşü Azərbaycanın diplomatik xəttinin növbəti uğurlu mərhələsi kimi qiymətləndirilə bilər. Əsas məsələ isə bundan sonra əldə olunan razılaşmaların icrasıdır. Əgər kommunikasiya layihələri reallaşsa, ticarət və enerji əlaqələri genişlənsə, sərhədlərin delimitasiyası prosesi irəliləsə, Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma mərhələsindən əməkdaşlıq mərhələsinə keçid daha da sürətlənəcək.

Beləliklə, Bişkek görüşünün əsas mesajı budur: Azərbaycan-Ermənistan münasibətlərində gündəliyin mərkəzinə artıq müharibə və qarşıdurma deyil, Azərbaycanın irəli sürdüyü sülh, kommunikasiya, iqtisadi əməkdaşlıq və regional inteqrasiya məsələləri çıxır. Bu isə İlham Əliyevin rəhbərliyi ilə rəsmi Bakının son illərdə apardığı ardıcıl diplomatik siyasətin mühüm nəticələrindən biridir.