Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri - ŞƏRH

Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri - ŞƏRH

Aytac Dəniz · Siyasət ·

Azərbaycanın və Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin namizədliklərini dəstəkləmələri iki ölkə arasında sülhün real olduğunu göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2026-cı il tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı səsləndirdiyi fikirlər regional əməkdaşlıq və sülh prosesinin gələcək perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edib.

Dövlət başçısı çıxışında Ermənistan tərəfindən “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsinə dəstək verilməsini mühüm siyasi jest olmaqla yanaşı, regionda etimad mühitinin formalaşmasına xidmət edən əhəmiyyətli addım kimi qiymətləndirib.

Qeyd edək ki, bu məqam Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlərin real nəticəsidir. Möhtərəm Prezident çıxışında vurğulayıb ki, Antonio Costanın Azərbaycana iki aydan az müddət əvvəl baş tutmuş səfəri zamanı onun Zirvə toplantısında iştirakı məsələsi müzakirə olunub və qarşılıqlı razılığa əsasən, tədbirə videobağlantı formatında qoşulması qərara alınıb.

Bu isə Azərbaycanın Avropa siyasi platformalarında fəal iştirakının davamlı xarakter daşıdığını bir daha göstərir. Həmçinin bir il əvvəl Ölkə başçısının Tirana şəhərinə səfəri çərçivəsində Antonio Costa və Ursula von der Leyen tərəfindən 2026-cı ilin may ayında Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsü ilə bağlı onun mövqeyi öyrənilib və Azərbaycan tərəfi bu təşəbbüsü dəstəkləyib.

Cənab İlham Əliyev qeyd edib ki, məhz qarşılıqlı hörmət və balanslı yanaşma prinsiplərindən çıxış edərək, o, növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış edib və bu təklif iştirakçılar tərəfindən qəbul olunub. Bu kontekstdə Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin üzv dövlətlərini 2028-ci ilin may ayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edərək bildirib ki, belə tədbirlərin ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eyni zamanda regionda dialoq və əməkdaşlıq platforması kimi rolunun güclənməsinin bariz nümunəsidir. Bəli, Ermənistanın Azərbaycanın namizədliyini dəstəkləməsi iki ölkə arasında sülhün real və əldəolunan olduğunu göstərir.

Məlum olduğu kimi artıq doqquz aydır regionda sülh şəraiti mövcuddur və tərəflər bu yeni mərhələdə qarşılıqlı anlaşma və birgəyaşayış prinsiplərini mənimsəməyə çalışırlar. Bu proses, eyni zamanda, uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Aqil Quliyev
Neftçala rayonu