Abdulbari Gozalın qızının sığorta biznesi GERİLƏDİ – yığımları AZALDI, ZƏRƏRLİLİK ARTDI
“Azərbaycan Sənaye Sığorta” ASC-nin 2026-cı ilin yanvar-iyul aylarında sığorta yığımları azaldığı halda, ödənişlərinin həcmində kəskin artım qeydə alınıb.
Şirkət bu ilin ilk 7 ayında 16,390 milyon manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə isə yığımların həcmi 18,913 milyon manat təşkil edib.
Beləliklə, “Azərbaycan Sənaye Sığorta”nın yığımları illik müqayisədə 2,523 milyon manat və ya 13,3% azalıb.
Şirkətin sığorta ödənişləri isə əks istiqamətdə dəyişib. 2025-ci ilin yanvar-iyul aylarında 6,913 milyon manat olan ödənişlərin həcmi 2026-cı ilin eyni dövründə 10,621 milyon manata yüksəlib.
Nəticədə sığorta ödənişləri bir il ərzində 3,708 milyon manat və ya 53,6% artıb.
Yığımların azalması və ödənişlərin eyni zamanda artması şirkətin zərərliliyini, yəni ödəniş-yığım nisbətini də əhəmiyyətli dərəcədə yüksəldib. 2025-ci ilin ilk 7 ayında “Azərbaycan Sənaye Sığorta” topladığı hər 100 manat sığorta haqqının təxminən 36,6 manatını ödənişlərə yönəldirdisə, bu ilin eyni dövründə bu göstərici 64,8 manata çatıb.Başqa sözlə, zərərlilik 28,2 faiz bəndi artıb.
Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC 17 dekabr 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır. Səhmlərinin 95%-i “Anadolu Investment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur. “Anadolu Investment Company”nin qanuni təmsilçisi isə “Azersun Holdinq”in keçmiş sahibi Abdolbari Gozalın qızı Leyla Gozal Kurtdur. (Plat.az)

“Azərbaycan Sənaye Sığorta” xeyli geriləyib - yığımları AZALDI, ZƏRƏRLİLİK ARTDI
Aytac Dəniz · İqtisadiyyat ·