Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycanın bank sektorunun xalis mənfəəti 26%-dən çox artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə yer alan məlumatlara əsasən, bu ilin iyulun 30-u vəziyyətinə Azərbaycanın bank sektorunun xalis mənfəəti 858,7 milyon manat təşkil edib.

AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 175,9 milyon manat və ya 26% çoxdur.

Bundan əlavə, bankın məlumatları göstərir ki, cari ilin 7 ayı ərzində banklar ümumilikdə 213,4 milyon manat mənfəət vergisi ödəyiblər.

AMB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"na uyğun olaraq, yeni maliyyə alətlərinin və rəqəmsal həllərin tətbiqi hesabına Azərbaycanın kapital bazarının dərinliyi artırılacaq.

"Strategiyada kapital bazarlarının möhkəmləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə dayanıqlı infrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, investorların etibarının artırılması, investisiya alətlərinin diversifikasiyası, habelə tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Strategiyaya uyğun olaraq sekyuritizasiya, törəmə maliyyə alətləri, REPO əməliyyatları, sukuk, vençur kapitalı və kraudfandinq kimi alternativ maliyyə alətlərinin tətbiqi üzrə layihələrin icrası davam etdirilir", - deyə AMB-dən qeyd olunub.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, yaxın perspektivdə institusional və pərakəndə investorların bazarda iştirakının genişləndirilməsi, maliyyə savadlılığının artırılması, eləcə də rəqəmsal həllərin və elektron ticarət imkanlarının inkişafı əsas prioritetlər arasında qalır.

"Proseslərin avtomatlaşdırılması və əməliyyat xərclərinin azaldılması investorların bazara çıxış imkanlarını genişləndirməklə yanaşı, kapital bazarının dərinliyinin və dayanıqlılığının artırılmasına da töhfə verəcək. Bu istiqamətdə həyata keçirilən tədbirlər Mərkəzi Bank tərəfindən uzunmüddətli və sistemli inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir", - deyə AMB-dən vurğulanıb.