Möhtərəm Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız öz ərazilərini bərpa edən dövlət deyil, eyni zamanda regional və beynəlxalq əməkdaşlığa töhfə verən, dialoq və tərəfdaşlıq üçün platformalar yaradan bir ölkədir.
Möhtərəm Prezident cənab İlham Əliyevin cari ilin 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində səsləndirdiyi fikirlər ölkəmizin son illər ərzində beynəlxalq münasibətlər sistemində qazandığı mövqeyi, xüsusilə də işğaldan azad edilmiş ərazilərin regional və qlobal miqyasda artan rolunu aydın şəkildə nümayiş etdirir. Həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərimiz təkcə bərpa və yenidənqurma proseslərinin aparıldığı məkanlar deyil, eyni zamanda beynəlxalq tədbirlərin keçirildiyi, siyasi, iqtisadi və humanitar dialoqun qurulduğu mühüm mərkəzlərə çevrilmişdir. Ölkə başçısı müsahibəsində 2025-ci ildə xarici dövlətlərə çoxsaylı səfərlər etdiyini, eyni zamanda bir çox xarici dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərlər etdiyini vuğulayaraq, bu görüşlərin ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət etdiyinə diqqət çəkdi. Möhtərəm Prezident bu tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri kimi Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü xüsusi vurğuladı.
Yüksək səviyyəli tədbirin məhz Xankəndidə keçirilməsini, həm siyasi, həm də rəmzi baxımdan son dərəcə mühüm hadisə hesab edən Ölkə Başçısı uzun illər işğal altında qalmış bir şəhərin bu gün beynəlxalq zirvə görüşünə ev sahibliyi etməsini Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğunun bariz göstəricisi olduğunu qeyd etdi. Bildiyimiz kimi ECO Zirvə Görüşü çərçivəsində işğaldan azad edilmiş digər şəhərlərdə – Şuşada, Laçında və Ağdamda da müxtəlif forumlar keçirilmişdir.
Bunlar Biznes Forumu, Gənclər Forumu və Qadınlar Forumu olmuşdur ki, Bu forumların keçirilməsi təsadüfi xarakter daşımamış, məqsəd xarici qonaqlara azad edilmiş ərazilərin real mənzərəsini göstərmək, bərpa olunan şəhərlərin potensialını nümayiş etdirmək olmuşdur. Beləliklə, iştirakçılar yalnız rəsmi tədbirlərdə deyil, eyni zamanda bu torpaqlarda gedən genişmiqyaslı quruculuq işlərinin canlı şahidi olmuşlar. Əlbəttə ki, bu səviyyədə tədbirlərin təşkil edilməsi üçün ciddi infrastruktur imkanları olmalıdır. Nəzərə bu ərazilər beş il əvvəl azad edilib, o zaman ölkəmizin qısa zaman kəsiyində yaratdığı infrastruktur Azərbaycanın, həm də iqtisadi qüdrətini nümayiş etdirir.
Bu fakt bir daha sübut edir ki, Azərbaycan azad edilmiş ərazilərin bərpasını yalnız milli deyil, beynəlxalq əməkdaşlıq kontekstində də uğurla həyata keçirir. Ümumilikdə, Möhtərəm Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız öz ərazilərini bərpa edən dövlət deyil, eyni zamanda regional və beynəlxalq əməkdaşlığa töhfə verən, dialoq və tərəfdaşlıq üçün platformalar yaradan bir ölkədir.
Ataş Əsədov;
Neftçala rayonu
