Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Formula-1 yarışı ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vizaların verilməsini sadələşdirən fərman imzalayıb.
Redaksiya xəbər verir ki, sənədə əsasən, 25 avqust–30 sentyabr 2025-ci il tarixlərində Formula-1 yarışı ilə əlaqədar Azərbaycana gələnlər vizaları ölkənin beynəlxalq hava limanlarında ala biləcəklər. Bunun üçün əvvəlcədən elektron viza almaq tələb olunmur.
Vizanın verilməsi üçün təqdim edilə biləcək sənədlər aşağıdakılardır:
- Beynəlxalq Avtomobil Federasiyası və “Formula One Management Limited” şirkəti tərəfindən verilmiş akkreditasiya kartı və ya digər təsdiqedici sənəd;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən verilmiş akkreditasiya kartı;
- 2025-ci ildə Bakıda keçiriləcək Formula-1 yarışına alınmış bilet (elektron bilet və ya bileti təsdiqləyən sənəd daxil olmaqla).
Beləliklə, yarış azarkeşləri yalnız bilet təqdim etməklə vizalarını hava limanında əldə edə biləcəklər. Bu qərar ölkəyə gələcək tamaşaçıların gəlişini asanlaşdırmağı və Azərbaycan Qran Prisinə marağı daha da artırmağı hədəfləyir.
Fərid Əlizadə
