Azərbaycan hər zaman olduğu kimi bu gün də sülh tərəfdarıdır – ŞƏRH

Azərbaycan hər zaman olduğu kimi bu gün də sülh tərəfdarıdır – ŞƏRH

Sevinc Kərimova · Siyasət ·

Möhtərəm Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi ilə yanaşı, həm də regionda sülh və əməkdaşlıq çağırışını təcəssüm etdirirdi.

2025-ci ilin sentyabr ayında keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyası dünya liderlərinin qlobal çağırışlar fonunda mövqelərini ortaya qoyduğu mühüm beynəlxalq platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sessiyada çıxışı ilə beynəlxalq ictimaiyyətin diqqətini regional təhlükəsizlik, ədalət və sülh gündəminə cəlb etdi. Prezident Əliyev çıxışının əvvəlində Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlamasını və bu müddət ərzində bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvasından məhrum edilməsini diqqətə çatdırdı.

O, xüsusilə vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə (822, 853, 874, 884) Ermənistan tərəfindən yerinə yetirilməmiş, bu isə beynəlxalq hüquq və təşkilatın nüfuzuna ciddi zərbə vurmuşdur. Ölkə başçısı çıxışı zamanı Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsinin beynəlxalq hüquqa uyğun olaraq həyata keçirildiyini vurğuladı. Möhtərəm Prezident Azərbaycanın sadəcə özünün BMT Nizamnaməsi ilə tanınan özünümüdafiə hüququndan istifadə etdiyini, 44 günlük müharibənin nəticəsində ərazi bütövlüyünü bərpa etdiyini qeyd etdi. Bütün dünya BMT kürsüsündən bir daha məlumatlandı ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də sülh tərəfdarıdır və bölgədə davamlı sabitlik üçün real addımlar atmağa hazırdır. Cənab Prezident çıxışında, azad olunmuş ərazilərdə 1 milyondan çox mina basdırıldığını, bunun da bərpa prosesini ləngitdiyini və insanların həyatına təhlükə yaratdığını diqqətə çəkdi.

Ümumiyyətlə Ölkə başçısının çıxışı dərin məzmunu, qlobal proseslərə yanaşma və çağırışlar baxımından əhəmiyyətli idi. Nitqdə diqqət çəkən məqamlardan iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, qlobal ədalət və selektiv yanaşmalar məsələlərini vurğulamaq olar. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi ilə yanaşı, həm də regionda sülh və əməkdaşlıq çağırışını təcəssüm etdirirdi.

Fərid Əhmədov;
Neftçala rayonu