Müasir dövrdə ölkələrin xarici siyasətlərinin əsas prioritet istiqamətlərindən biri də qonşu ölkələrlə münasibətləri yüksək səviyyədə qurmaqdır. Azərbaycan da yerləşdiyi coğrafi ərazidə öz qonşuları ilə mehriban, milli və qarşılıqlı maraqlara hörmət prinsipində xarici siyasət yürüdən ölkələrdəndir. Bu mənada ölkəmizin eyni regionda yerləşdiyi qonşu Gürcüstanla münasibətləri xüsusi əhəmiyyət kəsb edir.
Bu ölkə ilə dostluğumuz, münasibətlərimiz dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bu da öz növbəsində dövlətlərarası münasibətlərin möhkəm zəmin üzərində qurulmasına təsir etmişdir.
Qeyd edək ki, müstəqil respublikalar olan Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabr ayının 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı baş tutub. Bu hadisələr də özlüyündə ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.
Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. Bu günlərdə Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi vurğulanmalı haldır. Ali qonağı qarşılayan Möhtərəm Prezident cənab İlham Əliyev bu səfərin əhəmiyyətini xüsusi qeyd etmişdir. Hər iki ölkənin vətəndaşları ölkələrimiz arasında olan münasibətlərin hazırkı səviyyəsi ilə iki ölkə prezdentlərinin mətbuata verdikləri birgə bəyanatlarda səsləndirdikləri fikirlərdə bir daha şahidi olduq.
Bu gün Gürcüstan Azərbaycan qazının Avropaya çatdırılması üçün ölkəmiz tərəfindən tranzit ölkə kimi istifadə edilir. Əlbəttə ki, mövcud vəziyyət Gürcüstanı tam qane edir. Bu ölkə tranzit imkanlarından maksimum yararlanır. Gürcüstan bu prosesdə Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu hər zaman nümayiş etdirir. Bütün bunlar göstərir ki, hər iki ölkə düzgün yaldadırlar. Müasir dünyada baş verən, lazımsız münaqişlər fonunda qarşlıqlı hörmət nümayiş etdirərək inkişaf və tərəqqi etmək hər iki Cənubi Qafqaz ölkəsinin uğurudur.
Billurə Mahmudova;
Neftçala rayonu, həkim
