Azərbaycan çay mədəniyyəti sentyabrın 27-də Brüsseldə keçirilən Brussels Tea Festival 2026 beynəlxalq çay festivalında təqdim olunub.
Festivalda Azərbaycanı Fireland Azərbaycanlılar Birliyi təmsil edib. Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyi ilə hazırlanan Azərbaycan stendində ziyarətçilərə ölkənin çay mədəniyyəti, ənənəvi çay süfrəsi və qonaqpərvərlik ənənələri barədə məlumat verilib. Həmçinin müxtəlif çeşidli Azərbaycan çayları, milli şirniyyatlar və mürəbbələr təqdim olunub.
Azərbaycan stendinə festival iştirakçıları tərəfindən maraq göstərilib. Ziyarətçilər Azərbaycan çayının müxtəlif çeşidlərini dadmaqla yanaşı, çay süfrəsinin Azərbaycan xalqının gündəlik və ictimai həyatındakı yeri ilə tanış olublar.
Festivalda çay evləri, çay istehsalçıları, keramika ustaları, eləcə də çay mədəniyyəti ilə bağlı digər şirkət və sənətkarlar iştirak edib. Tədbirdə ümumilikdə 46 sərgi iştirakçısı təmsil olunub.
İştirakçılar arasında Belçika, Niderland, Fransa, Yaponiya, Çin, Tayvan, Hindistan, Cənubi Koreya, Almaniya, Çexiya və Şri-Lanka daxil olmaqla müxtəlif ölkələrdən nümayəndələr yer alıb.
Festival proqramında müxtəlif ölkələrin çay mədəniyyətlərinin təqdimatı ilə yanaşı, degustasiyalar, seminarlar, müzakirələr, ustad dərsləri və çay mərasimləri keçirilib.
Tədbirin sonunda Fireland Azərbaycanlılar Birliyi bu ilin dekabr ayında Parisdə keçiriləcək beynəlxalq çay müsabiqəsinə ikinci dəfə dəvət alıb.
