Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkət iştirakçılarına müraciət edib.
AAYDA-dan bildirilib ki, körpü və yolötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə mühəndis qurğularında instrumental müayinələr aparılacaq. Avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən “Karl Marks” yolötürücüsü müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.
Avqustun 27-dən 28-nə keçən gecə, 28-i səhər saatlarınadək Bakıxanov küçəsində yerləşən “Bakıxanov” yolötürücüsü, Ceyhun Səlimov küçəsində yerləşən “Papanin” yolötürücüsü, Pirşağı dəmir yolu üzərində yerləşən “Pirşağı” yolötürücüsündə müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
İnstrumental müayinələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək.
“Bildiririk ki, instrumental müayinələrin aparılması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini, həmçinin vizual baxışla müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.
Sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələri və aparılan müayinələrə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda bildirilir.

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib
Aytac Dəniz · İqtisadiyyat ·