Avropalı liderlərin ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona səfəri onların zəifliyini açıq şəkildə üzə çıxardı.
Redaksiya xəbər verir ki, İngiltərə mərkəzli Spiked nəşri yazır: Avropa liderləri Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşdən dərhal sonra ABŞ-a yollanaraq, Ağ Evin Şərq Zalında saatlarla öz mövqelərini izah etməyə çalışdılar.
Məqalədə bildirilir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və digər Avropa liderləri çıxışlarında Ukraynanın müdafiəsinin vacibliyini vurğulayıb, Trampa təşəkkürlərini çatdırıblar. Onların “Avropanın gücünü göstərmək” məqsədi ilə Vaşinqtona gəlməsinə baxmayaraq, bu səfər gözlənilən nəticəni verməyib və əksinə, Avropanın zəifliyini daha da aşkara çıxarıb.
Analizdə qeyd olunur ki, Avropa dövlət başçıları Ukraynanın gələcək təhlükəsizliyi üçün ABŞ-ın lütfünə bel bağlayan “dilənçilər” rolunu oynayıblar. Onların sərt bəyanatlarına rəğmən, silah və maliyyə yardımlarının həcmi həm gecikmiş, həm də kifayət qədər olmamışdır. Hətta ötən il Avropa Birliyi ölkələri Rusiyanın neft və qazına 21,9 milyard avro xərcləyərkən, Ukraynaya yalnız 18,7 milyard avro yardım ayırmışdılar.
Məqalə müəllifləri bildirirlər ki, Avropa dövlətlərinin onilliklər boyu apardığı hərbi silahsızlanma və sənayesizləşmə siyasəti onların məhdud miqyaslı müharibəni belə aparmaq imkanlarını əllərindən alıb. Bu səbəbdən də Avropa liderləri Vaşinqtona ABŞ-dan Avropanın müdafiə yükünü daşımağa davam etməsini xahiş etmək üçün yollanıblar.
Tramp görüşdə Avropa ölkələrinin ilk müdafiə xəttini formalaşdırmalı olacağını, ABŞ-ın isə dəstək göstərəcəyini bəyan edib. Bununla belə, məqalədə vurğulanır ki, bu açıqlamalar konkret hərbi müdaxilə öhdəliyi anlamına gəlmir və Avropanın hələ də ABŞ-ın kölgəsində hərəkət etdiyini göstərir.
Nəticə etibarilə, Ağ Evdə keçirilən bu görüş Ukrayna ilə bağlı real addımların müzakirəsinə gətirmədi. Avropa liderləri ABŞ-dan asılılıqlarını azaltmaq əvəzinə, Vaşinqton qarşısında zəif və asılı mövqedə olduqlarını təsdiqləmiş oldular. Bu isə “Avropanın gücünü göstərmək” əvəzinə, əksinə, onun siyasi acizliyini nümayiş etdirdi.
Sevinc Kərimova
