Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ukraynalılar üçün tətbiq edilən müvəqqəti müdafiə statusunun daha bir il uzadılması təşəbbüsü ilə çıxış edib. Təklifin əsaslandırılmasında Rusiya tərəfindən Ukraynaya qarşı “qanunsuz hücumların davam etməsi” və bölgədəki “sabit olmayan vəziyyət” qeyd olunub.
Redaksiya xəbər verir ki, Avropa Komissiyası eyni zamanda, qəbul edən ölkələrdə uğurla inteqrasiya olunan ukraynalılara milli hüquqi statusların — iş, təhsil, elmi fəaliyyət və ya uzunmüddətli rezidentlik əsasında yaşamaq icazəsinin — verilməsini tövsiyə edir.
Təkliflər həmçinin vətənə qayıtmaq istəyən ukraynalıların ehtiyaclarını da nəzərə alır. Bu məqsədlə, onların qərar verməsini asanlaşdırmaq üçün Ukraynaya tanışlıq səfərlərinin təşkili təklif olunub.
Bundan əlavə, Komissiya “Unity Hubs” adlandırılan çoxfunksiyalı informasiya mərkəzlərinin yaradılmasını təklif edir. Bu mərkəzlər həm qaçqınların Avropa İttifaqı ölkələrində inteqrasiyasına, həm də Ukraynaya qayıtmalarına dəstək göstərəcək. Layihənin maliyyələşdirilməsi Sığınacaq, Miqrasiya və İnkişaf Fondu (AMIF) vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda, ukraynalılarla bağlı bütün bu proseslərin koordinasiyası üçün Avropa Komissiyası xüsusi nümayəndə təyin edəcək.
Təklifin qüvvəyə minməsi üçün Avropa Şurası tərəfindən rəsmi şəkildə qəbul edilməsi tələb olunur.
Sevinc Kərimova
