Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Avropanın təhlükəsizlik, sabitlik və imkanlar baxımından üstün məkan olduğunu bildirib. O qeyd edib ki, dünyada pul qazanmaq üçün müxtəlif yerlər seçilə bilər, lakin uşaqları böyütmək üçün insanlar sülh, təhlükəsizlik və imkanların olduğu məkanı seçirlər.
Redaksiya The Times-a istinadla xəbər verir ki, fon der Leyen bu məkanın Avropa olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa yalnız iqtisadi imkanlar deyil, həm də ailə, təhlükəsizlik və gələcək perspektivi baxımından etibarlı seçim olaraq qalır.
Avropa Komissiyasının rəhbəri çıxışında iqlim dəyişikliyi məsələsinə də toxunub. O bildirib ki, gənclər iqlim böhranına laqeyd yanaşılmasını heç vaxt bağışlamayacaqlar.
Fon der Leyenin sözlərinə görə, Avropa gələcək nəsillər qarşısında məsuliyyət daşıyır və iqlim dəyişikliyi ilə mübarizə siyasi gündəmin əsas prioritetlərindən biri olaraq qalmalıdır. O, təhlükəsiz, dayanıqlı və ədalətli gələcək qurmağın Avropa siyasətinin əsas məqsədlərindən olduğunu bildirib.
