Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinin hərbi hazırlığını dəstəkləyən EUMAM Ukraine missiyasının fəaliyyət müddətini daha iki il uzadıb. Missiya 15 noyabr 2028-ci ilədək davam edəcək və bu dövr üçün təxminən 300 milyon avro büdcə ayrılacaq.
Redaksiya Avropa İttifaqı Şurasının rəsmi açıqlamasına istinadən xəbər verir ki, müvafiq qərar noyabrın 9-da qəbul edilib.
Şuranın bəyanatında bildirilir ki, qərar EUMAM Ukraine missiyasının fəaliyyətinin strateji qiymətləndirilməsindən sonra verilib.
Yeni mandat çərçivəsində Ukrayna hərbçilərinin döyüş təcrübəsinin təhlilinə və təlim proqramlarının müasir döyüş şəraitinin tələblərinə uyğunlaşdırılmasına daha çox diqqət ayrılacaq.
Avropa İttifaqı həmçinin Ukraynada missiyanın nümayəndəliyini yaratmağı qərara alıb. Bu struktur Ukrayna hərbi rəhbərliyi, Silahlı Qüvvələr və beynəlxalq tərəfdaşlarla birbaşa əlaqələndirməni təmin edəcək.
Məqsəd hərbi hazırlıq proqramlarının Ukrayna ordusunun ehtiyaclarına uyğun şəkildə davamlı təkmilləşdirilməsidir.
EUMAM Ukraine missiyası ABŞ, Böyük Britaniya, Kanada və Norveçlə sıx əməkdaşlığını davam etdirəcək.
Bundan əlavə, missiya Ukraynaya dəstək göstərən “İstəklilər koalisiyası” və NATO-nun Ukraynaya Təhlükəsizlik Yardımı və Təlim Komandanlığı (NSATU) ilə fəaliyyətini əlaqələndirəcək.
Qeyd edək ki, EUMAM Ukraine missiyası 2022-ci ilin oktyabrında Ukraynanın müraciəti əsasında yaradılıb. Onun əsas məqsədi Ukrayna Silahlı Qüvvələrinin döyüş hazırlığını və müdafiə qabiliyyətini gücləndirməkdir.
Missiya çərçivəsində fərdi, kollektiv və ixtisaslaşdırılmış hərbi təlimlər Avropa İttifaqına üzv dövlətlərin ərazilərində keçirilir.
Aİ Şurasının məlumatına görə, missiyanın yaradılmasından indiyədək 100 mindən çox ukraynalı hərbçi təlim keçib.
Beləliklə, Avropa İttifaqı Ukraynaya hərbi dəstəyini ən azı 2028-ci ilin noyabrına qədər davam etdirmək və hərbi hazırlıq sisteminin imkanlarını genişləndirmək niyyətindədir.
