Avropa İttifaqı (Aİ) uzun illər davam edən Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi barədə qərar qəbul edib. Qərarın əsas məqsədi Suriyanın bərpa prosesini sürətləndirmək və bölgədəki humanitar böhranın yüngülləşdirilməsinə töhfə verməkdir.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Aİ rəsmiləri, sanksiyaların mərhələli şəkildə aradan qaldırılacağını və bunun üçün müəyyən siyasi və texniki mexanizmlərin tətbiq ediləcəyini bildiriblər. İqtisadi sanksiyaların ləğvi Suriyanın beynəlxalq maliyyə sisteminə qayıdışını da asanlaşdıracaq.
Qərar xüsusilə səhiyyə, enerji və infrastruktur sektorlarında beynəlxalq yardım və investisiyaların qarşısındakı hüquqi baryerlərin aradan qaldırılmasına yönəlib. Humanitar təşkilatlar bu qərarı müsbət qarşılayaraq, Suriyanın daxili ehtiyaclarına cavab verən daha çevik mexanizmlərin formalaşdırılacağını bildiriblər.
Bununla belə, bəzi Aİ üzv dövlətləri və hüquq müdafiə təşkilatları, rejimlə əməkdaşlığın sülh prosesi ilə paralel aparılmasının zəruriliyini vurğulayaraq, ehtiyatlı davranmağa çağırıblar. Gözləntilərə görə, yaxın günlərdə qərarın texniki detalları ictimaiyyətə təqdim olunacaq.
Sevinc Kərimova
