Avropa İttifaqı və Hindistan arasında genişmiqyaslı azad ticarət sazişi imzalanıb. Razılaşma tərəflər arasında iqtisadi əlaqələrin dərinləşdirilməsini, ticarət dövriyyəsinin artırılmasını və qarşılıqlı bazarlara çıxışın əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.
Redaksiya xəbər verir ki, saziş çərçivəsində Avropa mənşəli məhsulların 96%-i üzrə gömrük rüsumları ləğv ediləcək. Bu kateqoriyaya avtomobillər və şərab da daxildir. Eyni zamanda, Hindistan məhsullarının 99.5%-i, o cümlədən geyim və zinət əşyaları Avropa bazarına rüsumsuz daxil olacaq. Gözləntilərə görə, bu addım Avropa İttifaqının Hindistana ixracını 2032-ci ilə qədər 2 dəfə artıracaq.
Razılaşma Avropanın ABŞ və Çin iqtisadiyyatlarından asılılığını azaltmaq cəhdləri fonunda xüsusi əhəmiyyət daşıyır. Hindistan isə bu saziş vasitəsilə yeni bazarlara çıxış əldə etməyi və xarici investorlar üçün daha cəlbedici mühit yaratmağı hədəfləyir. Sazişdə avtomobillər, şərab və sənaye məhsulları üçün xüsusi güzəştlərin tətbiqi nəzərdə tutulur.
Bununla yanaşı, Hindistanın Avropa xidmətlər bazarına çıxış imkanları genişlənəcək. Razılaşma çərçivəsində tələbə mobilliyinin təşviqi də planlaşdırılır ki, bu da təhsil, ixtisaslı kadr mübadiləsi və uzunmüddətli iqtisadi əməkdaşlıq baxımından mühüm addım kimi qiymətləndirilir.
