"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu

"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu

Aytac Dəniz · İqtisadiyyat ·

“Med Corporation” MMC-nin əmlaklarına borca görə həbs qoyulub.

Bakı Kommersiya Məhkəməsi şirkətlərdən birinin “Med Corporation” MMC-yə qarşı müraciətini qismən təmin edib. Hakim İlkin Əliyevin qərarı ilə şirkətin əmlaklarına 21 903,48 manat məbləğində həbs qoyulub.

Mübahisə tərəflər arasında müqavilə üzrə yaranmış borcla bağlıdır. İddiaçı əsas borc, ƏDV və cərimə daxil olmaqla, 39 037,19 manat tələb edib. Lakin məhkəmə cərimə məbləği üzrə həbs qoyulmasını məqsədəuyğun saymayıb.

Qeyd edək ki, nizamnamə kapitalı 6 milyon 74 min 180 manat olan “Med Corporation” MMC-nin qanuni təmsilçisi Abdulla Cəfərli Həmdi oğludur. Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 19 ünvanında yerləşən şirkət 2014-cü il noyabrın 6-da vergi uçotuna alınıb. ƏDV qeydiyyatında olan müəssisə aktiv vergi ödəyicisidir və riskli vergi ödəyicisi hesab edilmir. Şirkətin vergi borcu 448 468,81 manatdır.

Məlumata görə, MMC-nin nəzdində “Avrasiya” Hospitalı fəaliyyət göstərir.