Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki sağlamlığı, heyvan sağlamlığı və ictimai sağlamlıq sahələrində gələcəyin peşəkar mütəxəssislərinin hazırlanmasına yönəlmiş "Vahid Sağlamlıq" Mentorluq Proqramına müraciətlərin qəbulunu elan edir.
Əgər bu sahələrdə təhsil alırsınızsa, bilik və bacarıqlarınızı inkişaf etdirmək, ölkənin aparıcı mütəxəssislərindən öyrənmək və peşəkar inkişaf yolunuzda yeni imkanlar qazanmaq istəyirsinizsə, siz də proqramda iştirak edə bilərsiniz.
Proqramın məqsədi "Vahid Sağlamlıq" (One Health) yanaşmasının təşviqi, iştirakçıların nəzəri və praktiki biliklərinin artırılması və gələcəkdə bu sahələrdə aparıcı rol oynaya biləcək yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasına töhfə verməkdir.
Mentorluq proqramına seçilən iştirakçılar:
• AQTİ-nin rəhbər heyəti və ölkənin aparıcı ekspertləri ilə birbaşa ünsiyyət və mentorluq imkanı əldə edəcəklər;
• qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq istiqamətlərində aktual mövzular üzrə biliklərini inkişaf etdirəcəklər;
• idarəçilik, elmi yanaşma və qlobal çağırışlar üzrə praktiki təcrübə və tövsiyələr qazanacaqlar;
• peşəkar əlaqələrini genişləndirərək gələcək karyera inkişafı üçün yeni imkanlar əldə edəcəklər.
Proqramın müddəti: 12 həftə
Proqramın başlanğıc tarixi: 15 sentyabr 2026-cı il
Müraciətlər 5–25 avqust tarixlərində qəbul edilir.
Proqrama müraciətlər kompleks qiymətləndirmə əsasında dəyərləndiriləcək. Namizədlərin təhsil göstəriciləri, motivasiya məktubu və digər təqdim etdikləri məlumatlar ilkin mərhələdə qiymətləndiriləcək. İlkin qiymətləndirmənin nəticələrinə əsasən, müsahibə mərhələsinə seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Ətraflı məlumat və müraciət üçün linkə keçid edə bilərsiniz: https://afsi.gov.az/az/mentorship
